Bakı. Trend:
“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi
xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil
proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası” təsdiq
edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar
imzalayıb.
Sənədə əsasən, bu Qayda beynəlxalq ikili diplom proqramlarının
həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin,
ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin
seçimi meyarlarını və prosedurlarını tənzimləyir.
Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi
xarici tərəfdaş ali təhsil müəssisələri, ixtisaslar üzrə təhsil
proqramları və təhsil səviyyələri bu Qayda ilə müəyyən edilmiş
seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə
görə seçilir.
Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
- tərəflər – beynəlxalq ikili diplom proqramını həyata keçirən
yerli və tərəfdaş xarici ali təhsil müəssisələri; - müqavilə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
(bundan sonra – Nazirlik) ilə razılaşdırmaqla, beynəlxalq ikili
diplom proqramının həyata keçirilməsi ilə bağlı tərəflər arasında
qarşılıqlı hüquq və öhdəlikləri özündə ehtiva edən razılaşma; - beynəlxalq ikili diplom proqramı – tərəflərin birgə həyata
keçirdiyi və məzunlara yerli və tərəfdaş xarici ali təhsil
müəssisəsi tərəfindən ali təhsilin səviyyələri üzrə müvafiq olaraq
eyni ali ixtisas və elmi dərəcələrin verilməsini nəzərdə tutan ali
təhsil proqramı (bundan sonra – Proqram); - tələbə – Proqram üzrə təhsil alması nəzərdə tutulan şəxs.

