Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
(ƏƏSMN) təşkilatçılığı ilə Mediada İnklüziv Dildən İstifadənin
Təşviqi mövzusunda seminar keçirilir.

Trend xəbər
verir ki, seminarda media nümayəndələri, Əlilliyi Olan Şəxslərin
Təşkilatları, BMT Kommunikasiya Qrupu və BMT İnklüzivlik üzrə İşçi
Qrupu, əlillik hüquqları üzrə ekspertlər iştirak edirlər.

Seminar media peşəkarları arasında inklüziv dil və əlillik
mövzularının məsuliyyətli işləndirilməsi barədə məlumatlılığı
artırmaq, media qurumları, Əlilliyi Olan Şəxslərin Təşkilatları,
ƏƏSMN və BMT sistemi arasında əməkdaşlığı gücləndirmək, media
nümayəndələri üçün ayrı-seçkilikdən uzaq və səlahiyyətləndirən
(gücləndirici) dilin istifadəsinə dair praktiki alətlər və
nümunələr təqdim etmək, əlilliyi olan şəxslərlə media arasında
dialoq platforması yaratmaq və onların hekayələrinin ləyaqət,
bərabərlik və şəxsiyyəti əks etdirməsini təşviq etmək məqsədi
daşıyır.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini
Rəşad Mustafayev və BMT-nin Azərbaycandakı Rezident
Əlaqələndiricisi Vladanka Andreeva çıxış edəcəklər.




Seminar çərçivəsində “Seçdiyimiz Sözlər” adlı interaktiv səhnə
və Azərbaycanda medianın əlilliyi təsvir-təhlilində dildən istifadə
barədə interaktiv çalışma təşkil ediləcək.

Sonra isə “Əlillik və inklüzivliyin dərkı – əsas anlayışlar və
terminologiya” mövzusunda Əlilliyi Olan Şəxslər üçün Müstəqil
Yaşayış Mərkəzinin nümayəndəsi Aydın Xəlilov, BMT İnklüzivlik üzrə
İşçi qrupunun Koordinatoru Gülər Fətəlinin təqdimatları olacaq.

Xəbər yenilənəcək