Süni intellektin tətbiqi əmək və işçi anlayışlarına yeni məzmun gətirir – Əli Əhmədov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda əmək hüquqlarının qorunmasına dair hüquqi baza
formalaşdırılıb.

Trend xəbər
verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bu
gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, insan hüquqlarının, xüsusilə də əmək
hüquqlarının qorunması və sosial rifahın təmin edilməsi hər bir
cəmiyyətin və dövlətin inkişaf göstəricisi hesab olunur:

“Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi ilə
yanaşı, işçilərin əmək hüquqlarının qorunması sahəsində də mühüm
vəzifələr müəyyənləşdirilib və onların həyata keçirilməsi
istiqamətində səmərəli fəaliyyət göstərilir. Qeyd olunmalıdır ki,
əmək hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin
daim diqqət mərkəzində saxladığı, xüsusi həssaslıq göstərdiyi
sahələrdəndir. Azərbaycan Milli Məclisi tərəfindən əmək
hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra qanunların qəbul
edilməsi ölkədə insan və əmək hüquqlarının qorunması üçün etibarlı
hüquqi baza yaradıb.

Məhz bu hüquqi baza əsasında bir tərəfdən Azərbaycan hökuməti
vətəndaşların əmək hüquqlarının qorunması kimi məsuliyyətli
vəzifəni uğurla həyata keçirir.

Yeni çağrışlar həmkarlar təşkilatlarının fəaliyyətinin
yenilənməsini gələcəkdə ciddi şəkildə tələb edəcək. Kütləvi şəkildə
robotlaşma, süni intellektin tətbiqi əmək və işçi anlayışlarına
yeni məzmun gətirir. Mən inanıram ki, biz artıq əmək sahəsində
köklü dəyişikliklərin şahidi oluruq və gələcəkdə bu daha aydın
şəkildə özünü göstərəcək”.