
Bakı. Trend:
Azərbaycan 2025-ci ilin oktyabr ayında Türkiyəyə təbii qaz
tədarük edən üç ən böyük ölkə sırasında mövqeyini
möhkəmləndirib.
Trend bu barədə
Türkiyənin Enerji Bazarlarının Tənzimlənsməsi İdarəsinə istinadən
xəbər verir.
Hesabat dövründə Türkiyə Azərbaycandan 996,80 milyon kubmetr
təbii qaz idxal edib ki, bu da 2024-cü ilin oktyabr ayının
göstəricisi ilə müqayisədə 1,17 faiz azdır. Bununla yanaşı,
Azərbaycan aylıq tədarük həcmlərinə görə İran İslam Respublikasını
geridə qoyaraq, Rusiya Federasiyasından sonra Türkiyəyə boru
kəmərləri vasitəsilə qaz tədarük edən ikinci ən böyük ölkə
olub.
Eyni dövrdə Türkiyə İran İslam Respublikasından 820,11 milyon
kubmetr təbii qaz idxal edib ki, bu da bir il əvvəlki 866,31 milyon
kubmetr ilə müqayisədə 5,33 faiz azalma deməkdir. Rusiya
Federasiyası isə oktyabr ayında təxminən 1,629 milyard kubmetr
təbii qaz ixrac etməklə ən böyük tədarükçü statusunu qoruyub
saxlayıb. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 1,711
milyard kubmetrdən çox olub.
Ümumilikdə, 2025-ci ilin oktyabr ayında Türkiyənin təbii qaz
idxalı təxminən 4,105 milyard kubmetr təşkil edib ki, bu da illik
ifadədə 3,86 faiz artım deməkdir. Boru kəmərləri ilə idxal olunan
təbii qazın həcmi 3,445 milyard kubmetr olub (3,92 faiz azalma),
mayeləşdirilmiş təbii qazın idxalı isə 80,05 faiz artaraq 659,40
milyon kubmetr səviyyəsinə çatıb.

