
Bakı. Trend:
2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və
buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət
İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş
məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş
Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam
etdirilib.
Trend xəbər
verir ki, cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması
üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.
12 dekabr 2025-ci il tarixində Gəncə Şəhər Məhkəməsində
məhkəmənin hazırlıq iclası keçirilib.
İbtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi
sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Abbasovun qəbul və
buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək
etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi)
üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq
hazırlamasına, habelə Kamran Əsədovla cinayət əlaqəsinə girməklə
həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə
quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı
şübhələr müəyyən edilib.
Gündüz Abbasov və Kamran Əsədov gizli qaydada informasiya
alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri
(gizli kamera, gizli səsötürücü funksiyaya malik “vip smart”
telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə
əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin
olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan
Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali
məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək
göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən
müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar
Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu
ərazisində yerləşən Kamran Əsədovun ofisində və digər ünvanlarda
imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi
kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri
həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində
ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə
yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera
vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq
vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə
təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin
edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan
səmərəli fəaliyyətə kölgə salmağa cəhd ediblər.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət
Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə
tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış
məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz
Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov
barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək
haqqında iltizam qətimkan tədbirləri seçilib.
İttiham aktına əsasən abbasov Gündüz Yaşar oğlu gizli qaydada
informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri vahid
niyyətlə qanunsuz olaraq satış məqsədi ilə istehsal etməklə, şəxsən
və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında texniki
vasitələri satmaqla, qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs kimi
xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər
üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq
səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə
edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla
vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə
təqsirləndirilir.
Əsədov Kamran Alim oğlu isə qeyriləri ilə qabaqcadan əlbir olan
bir qrup şəxs halında vahid niyyətlə və təkrarən gizli qaydada
informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri
satmaqla, qeyrisinin vəzifəli şəxs kimi xidməti vəzifələrinin
icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük
əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi
əleyhinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən
sui-istifadə etməsində köməkçi qismində iştirak etməkdə
təqsirləndirilir.
Cinayət işi materiallarından görünür ki, təhsil eksperti kimi
tanınan Əsədov Kamran Alim oğlu əvvəllər də buna oxşar cinayət
hadisəsi törətmiş və Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18
fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cu
maddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və
3500 manat cərimə cəzası tətbiq olunub.
Dövlət Imtahan Mərkəzi faktı Trend-ə təsdiqləyib.

