Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Baş səhifə

Bratislava. Trend:

Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi
olub.

Trend xəbər verir ki,
Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport
verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter
Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə
Prezident İlham Əliyevə təqdim edildi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Prezident İlham Əliyev xatirə kitabını imzaladı.