
Bakı. Trend:
Məlumatları süni intellekt modellərinə ötürməklə, sistem çox
yüksək dəqiqliklə müəyyən edə bilir ki, ölkənin istənilən
ərazisində ağacların kəsilməsi baş verib, yoxsa yox. Bu məlumat
əldə olunduqdan sonra bizim yeganə işimiz həmin dəyişikliklərin
səbəbini müəyyənləşdirmək olur.
Trend xəbər
verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika
və ekologiya komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni
intellektin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı
deyib.
Nazir müavini bildirib ki, əvvəllər bu cür məlumatları analiz
etmək üçün saatlarla, günlərlə, bəzən hətta həftələrlə görüntülərə
baxmaq lazım olurdu:
“Lakin hazırda işlək süni intellekt modelləri sayəsində istər su
hövzələri ilə bağlı, istər meşələrin qırılması ilə bağlı bütün bu
dəyişiklikləri sadəcə 1–2 dəqiqə ərzində dəqiq müəyyənləşdirmək
mümkündür”.

