
Bakı. Trend:
5 dekabr tarixində Azərbaycan Respublikasının Rumıniyadakı
səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiada olan
“Rumıniya Xilaskərlar Birliyi” (USR) partiyasının sədri Dominik
Frits ilə rəsmi görüş keçirib. Görüşdə mümkün əməkdaşlıq imkanları,
Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və
ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olub.
Bu barədə Trend-ə səfirliyin Mətbuat Xidmətindən məlumat
verilib.
Səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini,
beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda
fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun
2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu
alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının
önə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan ilə
Rumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasında
əməkdaşlığının qarşılıqlı faydasından danışıb.
Öz növbəsində mer Dominik Frits Timişoaranın “şəhər
diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla
münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin,
şəhərin rəhbəri Timişoara şəhəri tərəfindən təsis olunan Avropa
Dəyərləri Mükafatı, və hər il təşkil olunan Timişoara Şəhər Sammiti
barədə danışaraq, bu tədbirlərin şəhərin Avropa dəyərləri və
müzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.
Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad Bayramı və bu
ölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində səfir XX əsrin
ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini
məbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini ziyarət
edib.
Bundan əlavə, Timişoaraya səfər çərçivəsində səfir Qüdsi Osmanov
Timişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan “Inokentsiu Klein” “Qocalar Evi”ni də ziyarət edib. Azərbaycanlı
diplomat “Qocalar evi”nin sakinləri ilə səmimi söhbət aparıb,
onlara Azərbaycanın Rumıniyadakı səfirliyi adından kiçik bayram
hədiyyələri, şirniyyatlar təqdim edib.
Qeyd edək ki, Timişoara Rumıniyanın ən inkişaf etmiş şəhər
mərkəzlərindən biridir və rəqabətqabiliyyətli sənayesi, İT sektoru,
memarlıq irsi və multikultural mədəniyyəti ilə tanınır. Şəhər əhali
və ərazi baxımından ölkədə üçüncü yerdədir. Həmçinin Timişoara
Rumıniyada azadlıq və demokratiyanın rəmzi sayılır, çünki ölkədə
1989-cu il inqilabı məhz bu şəhərdən başlayıb.

