2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün “Early Bird” – erkən bilet satışına start verilib.
“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
24-26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək Bakı yarışı Formula 1 təqviminin ən həyəcanverici şəhər treklərindən biri kimi növbəti dəfə bütün dünyanın diqqət mərkəzində olacaq.
Biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür. Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik Early Bird endirimi isə 15 dekabr tarixinədək qüvvədədir.
Qısa müddət davam edəcək kampaniya fürsətini qaçırmayın, qiymətlər yüksəlmədən yerlərinizi indidən tutun!
Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.
Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90,000 tamaşaçı ilə son doqquz ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb. Qlobal marağın yüksəldiyi bir vaxtda növbəti möhtəşəm yarış mövsümünün canlı şahidi olmaq üçün azarkeşlərə biletlərini erkən əldə etmələri tövsiyə olunur.
Azərbaycan Qran-Prisi: Yeni Zirvəyə Doğru
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev: “Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley buraxılışı üçün bilet satışlarını ilk dəfə bu qədər erkən başlatmaqdan qürur duyuruq. İndiyədək qazanılan uğurlarımızı və sürətlə yüksələn əcnəbi azarkeş marağını nəzərə alaraq, bu erkən satış imkanını təqdim etməkdən məmnunuq. Bu təşəbbüs həm yerli, həm də xarici avtosport həvəskarlarının mövsümün ən çox gözlənilən idman tədbirlərindən biri üçün biletlərini erkən əldə etmələrinə şərait yaradır. Bu həm də Bakı yarışında təqdim olunan yüksək səviyyəli xidmətin və unudulmaz yarış təcrübəsinin bariz göstəricisidir“.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

