Balıqçı gəmiləri peyklə izlənəcək

Baş səhifə

Azərbaycanda balıqçılıq sahəsində nəzarət mexanizmləri gücləndirilir, rəqəmsal idarəetmə genişləndirilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, balıqçılıq sahəsində ilk dəfə daha geniş rəqəmsal nəzarət mexanizmləri tətbiq olunacaq. Belə ki, balıq ovu ilə məşğul olan subyektlər istifadə etdikləri balıqçı gəmiləri və ov alətləri barədə məlumatları müvafiq informasiya sisteminə daxil etməli olacaqlar. Bundan əlavə, balıqçı gəmilərində avtomatik identifikasiya sistemi, peyk əsaslı izləmə sistemi, naviqasiya və digər texniki nəzarət vasitələrinin quraşdırılması tələb olunacaq.

Qanun layihəsində balıqçılıq sahəsində vahid informasiya sisteminin qurulması da nəzərdə tutulur. Həmin sistemdə balıqçılıq subyektləri, balıqçı gəmiləri, ov alətləri, balıqçılıq infrastrukturu və ticarət dövriyyəsinə çıxarılan balıq məhsulları barədə məlumatlar toplanacaq. Balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə edilən balıq və digər su bioresursları satışa çıxarılarkən onların mənşəyi, növü, partiya miqdarı, çəkisi və orta ölçüləri barədə məlumatların da bu sistemə daxil edilməsi tələb olunacaq.

Layihə akvakultura sahəsində də yeni tələblər müəyyənləşdirir. Sənədə əsasən, balıqçılıq su obyektlərində akvakultura fəaliyyəti qeydiyyat şəhadətnaməsi əsasında həyata keçiriləcək. Bunun üçün sahibkarlardan Biotexnoloji Layihə Sənədi hazırlanması tələb olunacaq. Həmin sənədin ekspertizası üçün ayrıca xidmət haqqı tutulacaq.

Bununla yanaşı, akvakultura təsərrüfatlarında qanunvericiliyin və texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunarsa, qeydiyyat şəhadətnaməsi pozuntular aradan qaldırılanadək, lakin 90 gündən çox olmayaraq dayandırılacaq. Pozuntular aradan qaldırılmadıqda isə şəhadətnamə ləğv ediləcək.

Yeni layihədə akvakultura təsərrüfatlarında elmi tədqiqat məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş və toksik balıq və digər su bioresurslarının yetişdirilməsinə və istifadəsinə də yol verilmədiyi qeyd olunub.