Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişiklik edilib

Baş səhifə

Bakı. Trend:

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişiklik
edilib.

Trend-in
məlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq
qərar imzalayıb.

Sənədə əsasən, müalicə müəssisəsində, o cümlədən
ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət
xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin
Tibb baş idarəsi ilə razılaşdırılmalıdır.

Həmçinin, təsərrüfat və məişət xidməti işlərini yerinə
yetirmək üçün məhkumların seçilmə qaydası açağıdakı kimi
olacaq:

Məhkumlar təsərrüfat və məişət xidməti işlərinə yalnız Ədliyyə
Nazirliyinin Tibb baş idarəsi tərəfindən verilən və yerinə
yetirilməsi nəzərdə tutulan işlərin görülməsinə yararlı olmalarını
təsdiq edən sağlamlıq haqqında tibbi arayış əsasında cəlb edilə
bilərlər. Obliqat qruplara aid məişət xidmətinə cəlb edilmiş
məhkumlar dövri olaraq ildə 2 dəfə müvafiq tibbi müayinələrdən
keçirilməlidirlər.

Təsərrüfat və məişət xidməti işlərinə məhkumlar müvafiq xidmət
sahələrinin rəisləri tərəfindən əməliyyat xidməti ilə
razılaşdırılmaqla seçilir. Müalicə müəssisəsində, o cümlədən
ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət
xidməti işlərinə seçilən məhkumların siyahısı Ədliyyə Nazirliyinin
Tibb baş idarəsi ilə, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı həmin
müəssisələrə keçirilən şəxslərin siyahısı isə PX tərəfindən
Azərbaycan Respublikasının ədliyyə naziri ilə razılaşdırılır.




Məhkumlar müəssisənin təsərrüfat və məişət xidməti işlərinə
cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə təyin olunur və əmrdən
çıxarışlar onların şəxsi işlərinə əlavə olunur.

Müalicə müəssisələrində məhkumların müayinə və müalicə dövründə
təsərrüfat və məişət işlərinə cəlb edilməsinə yol verilmir. Müayinə
və müalicəsi başa çatmış məhkumların müraciətlərinə əsasən bu
Qaydaların 49.1-ci və 49.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada
onlar müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə
cəlb olunurlar.

Təsərrüfat və məişət xidməti işlərinə cəlb olunmuş məhkumlar bir
dəstəyə ayrılırlar. Onların vəzifələri müvafiq xidmət sahələrinin
rəisləri tərəfindən müəyyənləşdirilir.

Yataqxana tipli adi yaşayış binaları (kameralar) üzrə
növbətçilik edən məhkumların vəzifələri bu Qaydalarla müəyyən
edilir.

Məlumat üçün bildirək ki, qərar 2025-ci il noyabrın 28-də
qəbul edilib, dekabrın 1-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilib və dekabrın 2-dən qüvvəyə qüvvəyə minəcək.