Bakı Qızlar Universiteti bağlana bilər, tələbələrin taleyi necə olacaq?

Baş səhifə

Bakı. Trend:

Bakı Qızlar Universiteti bağlanmaq təhlükəsi ilə üz-üzədir. Belə
ki, İnstitusional akkreditasiya qiymətləndirilməsinin yekun
nəticəsində Bakı Qızlar Universiteti “uyğun deyil” olaraq
qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il
tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil
müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq
tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Universitetlərin lisenziyalaşdırılması prosesi və
yaranan problemlər

Yerli ali təhsil müəssisələrinin lisenziyalaşdırılması beş ildən
bir həyata keçirilir. Beş il tamam olduqda universitet öz
göstəricilərini və tələb olunan sənədlərlə bağlı öhdəliklərini
təqdim edir.

Bunu mövzu ilə bağlı Trend-ə açıqlamasında təhsil üzrə ekspert
Elmin Nuri bildirib. Ekspertin sözlərinə görə, tələblərə cavab
verilmədiyi halda isə lisenziyanın verilməsi ləngiyir və ya
lisenziya verilmir:

“Zaman-zaman bir neçə universitetin timsalında bunun şahidi
olmuşuq. Sonuncu belə nümunə Təfəkkür Universiteti idi. Bu gün isə
daha bir məyusedici xəbərlə qarşılaşdıq. Belə ki, Bakı Qızlar
Universiteti də bağlanmaq təhlükəsi ilə üzləşib. Universitetin
lisenziya almasında ciddi problem yaranıb və qısacası, ali təhsil
müəssisəsi lisenziya ala bilməyib”.

Universitetin bağlanması abituriyentlər üçün hansı
problemləri yarada bilər?

Elmin Nuri qeyd edib ki, Azərbaycanda universitetlərin sayı çox
deyil və özəl ali təhsil müəssisələrinin sayı daha azdır. Onlardan
birinin də bağlanması, xüsusilə ixtisas seçimi və tələbələrin
yerləşdirilməsi prosesində müəyyən problemlər yarada bilər:

“Çünki Bakı Qızlar Universitetində də bir sıra ixtisaslar üzrə
müəyyən plan yerləri var idi. Əgər həmin plan yerləri digər
universitetlərə köçürülərsə, abituriyentlərin ciddi problemlərlə
üzləşməsinin qarşısı müəyyən qədər alına bilər. Lakin universitetin
lisenziya ala bilməməsi, təhsilin keyfiyyətindən asılı olmayaraq,
vəziyyəti daha da mürəkkəbləşdirir.




Lisenziyalaşdırma zamanı müəyyən şərtlərə, lisenziya
tələblərinə, beynəlxalq reytinq göstəricilərinə uyğunluq, həmçinin
daxili məsələlər, maliyyə öhdəlikləri və digər meyarlar yoxlanılır.
Universitet lisenziya ala bilmədikdə isə həmin təhsil müəssisəsinin
fəaliyyətinin hüquqi əsasları ilə bağlı problem yaranır”.

Hazırkı tələbələrin taleyi necə olacaq?

Ekpert bildirib ki, lisenziya dövlət tərəfindən verilən və özəl
sahibkarlıq subyektinə təhsil fəaliyyəti ilə məşğul olmaq üçün
hüquqi əsas yaradan icazə sənədidir. Akkreditasiyadan keçməyən və
ya üzərinə düşən öhdəlikləri tam yerinə yetirə bilməyən universitet
belə bir reallıqla üzləşə bilər.

“Belə hallarda sonuncu qəbul olunan tələbələr təhsillərini başa
çatdırana qədər universitetin fəaliyyətini davam etdirməsi
mümkündür. Məsələn, ötən il Bakı Qızlar Universitetinə qəbul olunan
tələbələr bu il birinci kursu başa vurublar.

Bu vəziyyətdə iki variant yarana bilər. Birinci variantda
universitet sonuncu qəbul olunan tələbələr təhsillərini başa
çatdırana qədər fəaliyyətini davam etdirə, daha sonra isə
fəaliyyətini dayandıra bilər. İkinci variantda isə universitet
fəaliyyətini tamamilə dayandıraraq tələbələrin digər ali təhsil
müəssisələrinə köçürülməsi həyata keçirilə bilər.

Lakin birinci variantın reallaşması ehtimalı daha yüksək
görünür. Təfəkkür Universitetinin bağlanması zamanı da oxşar proses
baş vermişdi”.

Qeyd edək ki, plan yerləri Nazirlər Kabineti tərəfindən
təsdiqləndikdən sonra DİM-ə göndərilir və “Abituriyent 4”
jurnalında dərc olunur. Hələ ki, jurnal dərc olunmadığı üçün plan
yerləri barədə məlumat yoxdur.

Xatırladaq ki, magistratura təhsili üzrə plan yerləri açıqlanıb
və Bakı Qızlar Universiteti bu il magistr qəbul etməyəcək.