Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb – Hesablama Palatasının sədri

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda
ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət
arasındakı fərq 20 faizi ötüb.

Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya
birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarında hazırda əsas diqqət
yetirilməli olan məsələlərdən biri məhz qiymət fərqləridir.

“Apardığımız araşdırmalar göstərdi ki, ehtimal olunan məbləğdən
20 faizdən çox fərqlənən satınalmaların sayı 51 faizdən yuxarıdır.
MDB ölkələrində bu göstərici üzrə qırmızı xətt 15-25 faiz hesab
olunur”, – deyə o bildirib.




V.Gülməmmədov qeyd edib ki, həddindən artıq aşağı qiymət
təklifləri də risk yaradır.

“Ən ucuz qiymət meyarı hazırda əksər ölkələrdə problemlərdən
biridir. Çünki həddindən artıq aşağı qiymət sonradan layihələrin ya
başa çatdırılmamasına, ya da keyfiyyətli icra olunmamasına səbəb
ola bilər. Buna görə də yalnız yuxarı deyil, aşağı qiymət həddinin
də müəyyənləşdirilməsi vacibdir”, – deyə Hesablama Palatasının
sədri əlavə edib.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun
Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya
verdiyi birgə müsahibə iyulun 22-də saat 21:00-da tam şəkildə
yayımlanacaq.