Abşeronda “Yanar Dağ” yaxınlığında metan qazı aşkarlanıb, araşdırma aparılır

Baş səhifə

Bakı. Trend:

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya
Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin
həyətyanı sahələrində qaz sızması müşayiət olunmuş və bu barədə
məlumat daxil olduqdan dərhal sonra ilkin olaraq Fövqəladə Hallar
Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra
Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr
aparılaraq akt tərtib edilmişdir.

Trend xəbər verir ki, bu
barədə FHN məlumat yayıb.

Bildirilir ki, müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi
yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı
sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf
üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılmış və
metan qazı (CH4) aşkar edilmişdir. Bu səbəbdən mümkün
partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin
təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat
Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq
dayandırılmışdır.




Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin
partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və
ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks
araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına
əsasən, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Elm və
Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin
nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrup
tərəfindən aşkar olunan qazın mənbəyinin və tərkibinin müəyyən
edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə
kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın
nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.

Məsələ nəzarətdə saxlanılmaqla, gedişatı barədə ictimaiyyətə
mütəmadi məlumat veriləcək.