
Bakı. Trend:
Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə
xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət
Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə
növbəti məhkəmə iclası keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun
sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İş üzrə şahid qismində tanınan J.S. ifadə verib.
O bildirib ki, iş üzrə təqsirləndirilən Martin Ryanla feysbukda
tanış olub:
“Martin Ryan mənə 2022-ci il sentyabrın sonu, oktyabrın əvvəli
feyzbukda dostluq atdı. Profilinə baxdım. Ortaq tanışlarımız var
idi deyə qəbul etdim. Sonra mənə yazdı. Biz danışdıq. O, burada
bizneslə məşğul olmaq, ailə həyatı qurmaq planlarından danışırdı.
Biz bir neçə dəfə görüşdük. Sonra ondan xəbər almadım. Telefonuna
zəng çatmadı, dostlarının da məlumatı yox idi. Sonra DTX məni
Martinlə bağlı ifadə üçün çağırdı”.
Şahid əlavə edib ki, Martinin casus olmasından xəbəri
olmayıb:
“Əgər belə olsaydı, özüm aidiyyəti quruma məlumat verərdim”.
Şahid bildirib ki, Martinin burada üç yaxın dostu olub. Azad,
Ü.Ə və Z.M: “Onları görməmişəm. Martin Z.M-in ona ev tapmaqda
köməklik etdiyini, Azadın ağıllı, Ü.Ə-nin isə səmimi biri olduğunu
deyib”.
Daha sonra iş üzrə şahid qismində tanınan S.Ş. ifadə verib. O,
Fransa səfirliyinin əməkdaşı olmuş Loran Qrarda evini müqavilə
əsasında kirayə verib: “Onun səfirlikdə nə işlə məşğul olduğu
barədə məlumatım yox idi. Onu vasitəçi tapmışdı. Müqavilə əsasında
Badamdarda yerləşən iki mərtəbəli evimi 2000 manata aylıq kirayə
vermişəm. Kirayə manatla ödənilib və hər ay özüm gedib pulu təhvil
alırdım. Şübhəli məqamla rastlaşmamışam. Loran ailəsi ilə birlikdə
evdə qalırdı. Ayın sonu gələndə evə zəng etdim. Cavab gəlmədi. Evə
getdim, gördüm ki, qapı bağlıdır və onunla yenidən əlaqə saxlamağa
çalışsam da, cavab ala bilmədim. Fransa səfirliyinin “e-mail”
ünvanına yazdım. Bir gün sonra cavab gəldi. Cavabda qeyd edilmişdi
ki, Loran Qrard təcili şəkildə Fransaya gedib, evin açarları
səfirlikdədir və təhvil veriləcək. Bir gün sonra səfirliyin xanım
əməkdaşı açarı gəlib qapıda təhvil verdi. Evdə şübhəli heç nə
görmədim”.
Digər şahid R.M. ifadəsində qeyd edib ki, istintaq dövründə
ifadə verib. İfadəsində ona Martinlə tanışlığı, Azad Məmmədli ilə
bağlı suallar verilib:
“Mən Fransada təhsil almışam. Orada səfirliyin tədbirində dostum
Diana vasitəsilə Martinlə tanış olmuşam. Sıx-sıx görüşümüz olmayıb,
amma əlaqələrimiz var idi. Biz adətən azərbaycanlı tələbələrlə
gəzirdik, əylənirdik. Ümumi olaraq orada 4 il təhsil aldıqdan sonra
ölkəyə qayıtdım”.
Şahid əlavə edib ki, onun ölkədə şirkəti olub:
“Bir müddət sonra Martin Azərbaycana gəlib və biz eyni vaxtda
təhsil alan azərbaycanlılarla görüşürdük. Görüşün məqsədi o idi ki,
həm dili unutmayaq, həm də əlaqələrimiz itməsin. Sonra Martin
şirkət açdı. Mənim də şirkətim var idi. Birgə işlədik. İşlərimiz
yaxşı gedirdi. İşimizi böyütmək qərarına gəldik. Bunun üçün də
fransız əsilli Gürcüstan vətəndaşı Lüdovik Girod ilə əməkdaşlığa
başladıq. O, bizə müştəri verməli idi. Ortaq şirkət açdıq.
Direktoru da Martin oldu. Orada onların faiz payı çox olduğu üçün
həlledici qərarı onlar verirdi. Mənim orada cəmi 15-20 faiz payım
var idi. Şirkətin funksiyası verilən sifarişlərin çatdırılması idi.
Kimsə, məsələn, 50 şərab çəlləyi sifariş edirdisə, biz onu həll
edirdik. Sonrada faiz məsələsində problem oldu. İki il sonra
şirkəti satmaq qərarına gəldik. Lakin bazar təklif dəyərindən aşağı
olduğu üçün satmadıq. Bundan sonra Martinlə münasibətim soyuqlaşdı
və biz iki il danışmadıq.”
Tərəflərin sualına cavab olaraq şahid bildirib ki, şirkətin
fəaliyyəti zamanı Fransa və İspaniya şirkətləri ilə əlaqə qurublar.
Onların sifarişlərinin çatdırılmasını yerinə yetiriblər.
Şahid bildirib ki, 2023-cü ilin yay aylarında Bakıdakı kafelərin
birində Martin ona deyib ki, Fransa səfirliyinin ağsaçlı
əməkdaşlarından biri ona Afrikada hansısa ölkədə fəaliyyət göstərən
şəxsə pul köçürməyi təklif edib. Martin həmin ağsaçlı şəxsin
kəşfiyyatçı olduğu qənaətində olub.
Şahid həmçinin bildirib ki, 2023-cü ilin yay aylarında Martin
onunla görüşmüş və görüş zamanı Fransa səfirliyinin əməkdaşlarından
biri tərəfindən üzərində “fransız hərfləri” qeydləri olan
klaviatura gətirəcəyini deyib. Martin Ryan həmin şəxslə Bakı
şəhərində “Malakan bağı”nda görüşəcəklərini bildirərək ondan oraya
birgə getməklərini xahiş edib. O da Martinlə birgə oraya gedib,
bundan bir neçə dəqiqə sonra həmin şəxs də oraya gəlib. Görüş
zamanı həmin şəxs adını ona bildirsə də, onun yadında həmin ad
qalmayıb. Fransa səfirliyinin əməkdaşı görüş zamanı Martin Ryana
klaviaturanı verdikdən sonra 5-10 dəqiqə Martinin Bakıdakı şərab
satışı ilə bağlı onunla söhbət edib. Fransa səfirliyinin həmin
əməkdaşı zahirən sarışın, saqqallı, təxminən 40-45 yaşlarında olan,
orta çəkili, ortaboylu bir şəxs olub (ibtidai istintaq prosesində
fotoşəkil üzrə tanınma zamanı şahid R.M. səfirliyin həmin
əməkdaşını tanımışdır). Bu görüşdə Ü.Ə və Z.M. də onların yanında
olub. Onun həmin görüş zamanı təcili işi yarandığından oradan
ayrılıb, Martin Ryanla səfirliyin əməkdaşının söhbəti isə davam
edib.
Şahid bildirib ki, görüşlərində söhbət zamanı Olqa adlı xanımın
adı keçib:
“Onun Martinlə əlaqəsi var idi. Martin söhbət zamanı Olqanın rus
agenti olması barədə şübhələndiyini deyirdi. Lakin mən bunu ciddi
qəbul etmirdim”.
Dövlət ittihamçısı şahidə Martinin casusluq etməsi, başqa
şəxsləri buna təhrik etməsi ilə bağlı məlumatı və şübhəsi
olub-olmaması ilə bağlı sual ünvanlayıb.
Şahid bildirib ki, bununla bağlı məlumatı olmayıb:
“Onunla şirkətə görə iki il danışmamışam. Əgər məlumatım
olsaydı, aidiyyəti strukturlara xəbər verərdim.
Şahid ifadələrinə münasibət bildirən Martin Ryan bildirib ki,
onun oturum üçün icazəsi olmalı idi:
“Bunun üçün də direktor seçildim, aylıq 1500 manat maaş alırdım.
Bundan əlavə təminatımı da verirdilər. Əgər mən Gürcüstanda oturum
alsaydım, direktor R.M. də seçilə bilərdi”.
Məhkəmə digər şahidlərin ifadəsi ilə 12 yanvarda davam
etdiriləcək.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında
istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən
müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi,
Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata
buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə
fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət
göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi
xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə
gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya,
Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya
dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və
əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan
silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar
almasına və bu istiqamətlərdə fəaliyyət göstərməsinə əsaslı
şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də
həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru
olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq)
maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən,
sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş
Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları
tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə
Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad
Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət)
ilə ittiham irəli sürülüb.

