Ehtiyatdan hərbi xidmətə çağırılan zabitlərin dinc dövrdə xidmət müddəti azaldılacaq

Baş səhifə

Bakı. Trend:

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya
bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan
zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay
azaldılacaq.

Trend xəbər
verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq
edilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, bu müddət ehtiyatdan həqiqi hərbi
xidmətə çağırılan və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay,
bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün
3 ilə qədərdir.




Təklif olunan dəyişikliyə əsasən, bu müddət ehtiyatdan müddətli
həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi
xidmətə könüllü daxil olan zabitlər üçün 1 il (bu müddət bitdikdən
sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə
keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil
olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3
ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni
bağlaşma bağlanılır) olacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda
qəbul edilib.