
Bakı. Trend:
24 noyabr tarixində Bakıda “AZCON Holding” şirkətlərindən olan
“Azərbaycan Dəmir Yolları” QSC-nin “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Estoniya Dəmir Yollarının
(“AS Eesti Raudtee”) rəhbəri Kaido Zimmermann arasında görüş
keçirilib.
Trend xəbər verir ki, bu
barədə ADY məlumat yayıb.
Tərəflər qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafından
məmnunluq ifadə edib, Azərbaycandan keçən beynəlxalq dəhlizlər
üzərindən Çindən Avropaya yük axınının artırılması istiqamətində
daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Rövşən Rüstəmov Estoniyanın dəmir yolu sahəsində rəqəmsal həllər
və ağıllı logistika üzrə təcrübəsinin birgə təşəbbüslər üçün
imkanlar yaratdığını, Azərbaycanın Orta Dəhlizlə bağlı strateji
mövqeyinin Estoniya və geniş spektrdə Baltik regionu üçün Mərkəzi
Asiya və Çinə səmərəli çıxışı təmin etdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan tərəfindən son dövrlərdə Orta
Dəhlizin inkişafını dəstəkləyən mühüm addımlar atılıb. Belə ki,
Bakı–Tbilisi–Qars xəttinin yükburaxma gücü illik 5 milyon tona
çatdırılıb, Bakı Limanının ADY-yə inteqrasiyası ilə multomodal
yükdaşımalar sürətlənib, həmçinin Gürcüstan və Qazaxıstanla
əməkdaşlıq çərçivəsində bu dəhlizin inkişafı üçün birgə müəssisə
təsis edilib.
Estoniya Dəmir Yollarının rəhbəri Kaido Zimmermann görülən
işləri yüksək qiymətləndirib, ADY ilə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Tərəflər daha geniş əməkdaşlığın regional müstəvidə də nəqliyyat
bağlantısını gücləndirəcəyinə və Avropa ilə Asiyanı birləşdirən
müasir, effektiv və dayanıqlı nəqliyyat sisteminə töhfə verəcəyinə
əminlik ifadə ediblər.

