
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron
rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries
Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında
iştirak edib.
Trend xəbər
verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor
Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat
verdilər.
Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə
Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və
avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə
antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya,
andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid
təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal
olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq,
həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri
yaradılıb.
Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına
həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş
investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə
6,5 milyon manat güzəşt əldə edib.
Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq
sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada
xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının
bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə
əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə
töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən
rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac
imkanlarını da genişləndirəcək.
Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların
hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu
oynayacaq. “Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan
Tibb Universiteti, Macarıstanın Peç Universiteti və “Panon Pharma”
şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində
burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli
təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə
tutulub.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş
paneli quraşdırılıb ki, enerji sərfiyyatının təxminən 40 faizi bu
panellər vasitəsilə ödənəcək.

