
Bakı. Trend:
1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis
edilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə oldu.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.
S.Mikayılova qeyd edib ki, 1990-cı illərin əvvəlləri Azərbaycan
üçün mürəkkəb və təhlükəli bir dövr idi. Dövlət institusiyaları
zəifləyir, iqtisadi və hərbi böhran dərinləşir, ölkənin müstəqillik
perspektivləri real risk altına düşürdü:
“Belə bir şəraitdə ölkənin məsuliyyətli ziyalıları, tanınmış
ictimai-siyasi xadimləri mövcud siyasi proseslərin gedişindən
narahat olaraq ölkəni xaosdan çıxara biləcək yeni, intellektual və
milli dövlətçilik prinsiplərinə əsaslanan bir siyasi qüvvənin
yaradılmasını zəruri hesab etdilər. Bu təşəbbüs Azərbaycanın müasir
siyasi tarixində dönüş nöqtəsi oldu və Yeni Azərbaycan Partiyasının
yaranması üçün ideoloji-siyasi zəmin formalaşdırdı.1992-ci ilin
oktyabrında 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı
müraciət yalnız bir qrupun çağırışı deyildi, xalqın geniş
təbəqələrinin ümumi istəyinin ifadəsi idi. Onlar Ulu Öndərdən yeni
yaranacaq partiyaya rəhbərlik etməyi xahiş edərək dövlətçiliyin
xilası üçün məsuliyyətli addım atdılar. Bu müraciət Azərbaycanın
siyasi həyatında milli iradənin institusional formaya çevrilməsinin
əsas mərhələlərindən biri oldu və dağıdıcı proseslərin qarşısını
almaq üçün güclü liderliyin vacibliyini bir daha təsdiqlədi”.
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev “91-lər”in
müraciətinə cavabında YAP-ın yaranmasını obyektiv tarixi zərurət
kimi qiymətləndirdi.
“Bu, təsadüfi bir siyasi qərar deyil, dövrün tələbi idi. Ölkədə
demokratiya, siyasi plüralizm və müstəqil dövlət quruculuğu üçün
yeni siyasi institut lazım idi. YAP məhz həmin boşluğu dolduraraq
milli dövlətçilik konsepsiyasının siyasi dayağına çevrildi. 1992-ci
il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni
Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi.
Partiyanın təsis konfransının Naxçıvanda keçirilməsi də simvolik
əhəmiyyət daşıyırdı həmin vaxt Heydər Əliyevin rəhbərliyi ilə
Naxçıvan MR sabitlik adasına çevrilmişdi. 550 nəfər nümayəndənin
iştirakı ilə keçirilən konfrans YAP-ın proqram və nizamnaməsini
qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın sədri
seçildi”.
S.Mikayılova əlavə edib ki, bu qərar Azərbaycan siyasətində yeni
bir mərhələnin başlanğıcı oldu:
“Milli ideologiyaya əsaslanan güclü, strateji düşüncəyə sahib
bir siyasi təşkilat yarandı. Az vaxt ərzində YAP geniş ictimai
dayaqlara sahib oldu və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.
Bunun başlıca səbəbi Heydər Əliyevin şəxsiyyət amili, onun dövlət
idarəçiliyində təcrübəsi, həmçinin partiyanın real problemlərin
həlli üçün konstruktiv mövqeyi idi. Ulu Öndər Heydər Əliyev YAP-ı
xalq partiyasına çevirdi və onu “dünənin, bu günün və gələcəyin
partiyası” kimi formalaşdırdı. Partiyanın hakimiyyətə gəlməsindən
sonra ölkədə sabitlik bərpa olundu, iqtisadi islahatlara start
verildi, dövlət idarəçiliyində sistemli, institusional yanaşma
formalaşdı. YAP-ın son 30 ildə dövlət quruculuğundakı rolu
Azərbaycanın müasir tarixinin əsas sütunlarından biridir.
Partiyanın genişlənməsi və xalq tərəfindən dəstəklənməsi onun
ümumxalq partiyasına çevrildiyini nümayiş etdirir”.
Deputat qeyd edib ki, 2005-ci ildə III qurultayda Prezident
İlham Əliyevin partiya sədri seçilməsi varislik prinsipinin siyasi
institutlar səviyyəsində möhkəmləndirilməsi demək idi:
“Ulu Öndərin siyasi xətti müasir inkişaf tələblərinə uyğun
şəkildə davam etdirildi və Azərbaycan regional və qlobal müstəvidə
daha da gücləndi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son
illərin tarixi uğurları YAP-ın siyasi strategiyasının düzgünlüyünü
təsdiq edir. YAP-ın təşəbbüsü ilə ölkədə siyasi dialoq mühiti
formalaşdı. Bu proses demokratik siyasi mədəniyyətin inkişafı,
iqtidar-müxalifət münasibətlərinin konstruktiv modelə çevrilməsi və
milli həmrəyliyin güclənməsi baxımından yeni mərhələ açdı. 2021-ci
ildə qəbul edilmiş YAP-ın yeni Proqramı partiyanın müasir
çağırışlara uyğun fəaliyyət konsepsiyasını müəyyənləşdirir.
Proqramda 10 strateji siyasi dəyər, partiyadaxili münasibətləri
xarakterizə edən prinsiplər və 11 strateji hədəf əks olunub. Bu,
partiyanın ideoloji-idarəetmə modelinin intellektual və
institusional şəkildə yenilənməsini göstərir”.
S.Mikayılova qeyd edib ki, Azərbaycan beynəlxalq siyasətdə
praqmatik, balanslı və güc amilinə əsaslanan siyasət yürüdür. YAP
hakim partiya olaraq bu konsepsiyanın siyasi dayağı kimi çıxış
edir.
“Seçki nəticələri YAP-a və onun liderliyinə yüksək xalq
etimadını təsdiq edir. Yeni Azərbaycan Partiyasının yaranması
Azərbaycan dövlətçiliyinin xilası və möhkəmləndirilməsi üçün tarixi
zərurət idi. YAP bu illərdə siyasi sabitliyin təmin olunmasında,
sosial-iqtisadi inkişafda, beynəlxalq mövqelərin gücləndirilməsində
və yeni reallıqların formalaşdırılmasında mühüm rol oynayıb.Bu gün
YAP təkcə siyasi təşkilat deyil, Azərbaycan dövlətçiliyinin
ideoloji dayağı, milli birliyin fəal təşviqedicisi və ölkənin
gələcək inkişaf strategiyasının başlıca aparıcı qüvvəsidir”.

