Bakı. Trend:
KİV sahəsində gəncləri əhatə edən savadlılıq proqramlarının
həyata keçirilməsi vacib məsələlərdən biridir.
Trend xəbər
verir ki, bu barədə bu gün Nigeriyanın İnformasiya və Milli
Oriyentasiya naziri Məhəmməd İdris Malaginin “Dialoqun,
əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda
D-8 Media Forumuna ünvanladığı nitqində deyilib.
Qeyd edilir ki, dayanıqlı həll yolları yerlərdəki mövcud
reallıqlardan irəli gəlir:
“Öz aramızda belə bir ekosistemin yaradılması vacibdir. D-8
təşkilatına üzv ölkələrin ümumi ÜDM-i 8 trilyon dollara bərabərdir.
KİV sahəsində əməkdaşlıq və rəqəmsal islahatlar baxımından D-8 bizə
böyük fayda verib. Nigeriyada UNESCO-nun ikinci dərəcəli media
savadlılığı institutunu yaratmışıq və bu sahədə təcrübəmizi
bölüşməyə hazırıq. Bizdə yüz milyondan çox insan rəqəmsal
platformalardan istifadə edir. Gənc məzmun yaradıcıları artıq
ölkənin ÜDM-inə töhfə verməkdədir”.
“Dezinformasiya ilə mübarizə ilə yanaşı, KİV sahəsində gəncləri
əhatə edən savadlılıq proqramlarının həyata keçirilməsi də
vacibdir. Təqaüd proqramlarının təşkili, xəbər redaksiyaları
arasında əməkdaşlıq çox əhəmiyyətlidir. Nigeriya dialoqlara
açıqdır, ortaq innovasiyaları birləşdirərək regionda stabilliyin
qorunması və media sahəsində əməkdaşlıq əsas məsələdir”, – nazirin
nitqində vurğulanıb.

