TAP üzrə əlavə qaz həcmlərinin tədarükü üçün hədəf bazarlar açıqlandı

Baş səhifə

Bakı. Trend:

2021-ci il bazar testinin nəticələrinə əsasən, 2026-cı ildən
başlayaraq TAP-ın uzunmüddətli ötürücülük gücü illik 1,2 milyard
kubmetr artırılacaq. Bu həcmin1,04 milyard kubmetri İtaliya, 0,16
milyard kubmetri isə Albaniyaya tədarük üçün bron edilib.

Bunu Trend-ə TAP
direktorlar şurasının sədri Murad Heydərov TAP-ın kommersiya
istismarının beşilliyi münasibətilə verdiyi özəl müsahibədə bildirib.

Murad Heydərov bildirib ki, illik 10 milyard kubmetr olan
uzunmüddətli ötürücülük gücü mərhələli şəkildə 20 milyard
kubmetrdəndən yüksək səviyəyə çatdırıla bilər.




“Genişlənmə imkanları hər iki ildən bir keçirilən, tənzimlənən
bazar testləri çərçivəsində bazara təqdim olunur. 2021-ci il bazar
testi üzrə öhdəliklərə uyğun olaraq, TAP Yunanıstanın Kipoy
kompressor stansiyasında genişlənmənin birinci mərhələsinə aid
layihə işlərini başa çatdırıb. Bu, 2026-cı il yanvarın 1-dən
etibarən əlavə 1,2 milyard kubmetr uzunmüddətli gücün təqdim
edilməsinə imkan verəcək.

2024-cü ilin yanvarında başlanan genişlənmə işləri təhlükəsiz
şəkildə, vaxtından əvvəl və büdcə çərçivəsində başa çatdırılıb, qaz
nəqlində heç bir fasilə yaranmayıb. Bu, TAP-ın operativ
peşəkarlığının göstəricisidir. Genişlənmə çərçivəsində,
Türkiyə–Yunanıstan sərhədi yaxınlığındakı Kipoy stansiyasında gücü
15 MVt olan yeni kompressor qurğusu quraşdırılıb”, – deyə o izah
edib.