
Bakı. Trend:
Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində
Azərbaycan pavilyonunda Xəzər dənizinin səviyyəsinin azalması
məsələsinə həsr olunmuş yüksəksəviyyəli tədbir baş tutub.
Trend xəbər
verir ki, tədbir Azərbaycan tərəfinin təşəbbüsü ilə COP29 Sədrliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər dənizinin dəniz
ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyanın (Tehran
Konvensiyası) Müvəqqəti Katibliyinin birgə təşkilatçılığı ilə
keçirilib.
Görüşdə Xəzəryanı ölkələrin ətraf mühitin mühafizəsi sahəsində
fəaliyyət göstərən müvafiq dövlət qurumlarının rəhbər şəxsləri və
yüksəksəviyyəli nümayəndələri, eləcə də BMT-nin Ətraf Mühit
Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) rəhbər nümayəndələri və
digər dəvətlilər iştirak ediblər.
Tədbir Xəzər dənizinin səviyyəsinin tarixən ən sürətli və
çoxşaxəli şəkildə azalması tendensiyasına diqqəti artırmaq və
regional həmrəyliyi möhkəmləndirmək məqsədi daşıyıb.
COP29 Sədri və Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə
nümayəndəsi Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin azalmasının
ekosistemlərə, sahilyanı infrastruktur və iqtisadi fəaliyyətə,
eləcə də dənizkənarı ərazilərdə yaşayan əhalinin rifahına
göstərdiyi təsirlər barədə danışıb. Bildirilib ki, bu prosesin
yaratdığı çağırışlar yalnız birgə səylər, elmi əsaslara söykənən
yanaşma və regional koordinasiya vasitəsilə effektiv şəkildə həll
oluna bilər.
Qeyd olunub ki, Azərbaycan Prezidenti bu məsələni 2022-ci ildə
Aşqabadda keçirilmiş Xəzəryanı dövlətlərin Dövlət Başçılarının
Zirvə Toplantısında, həmçinin cari ilin BMT Baş Assambleyasının
80-ci sessiyasında qlobal səviyyədə ardıcıl şəkildə qaldırıb.
Azərbaycan tərəfi, həmçinin Xəzər dənizinin səviyyəsinin azalması
ilə bağlı koordinasiyalı fəaliyyətin təmin olunması məqsədilə beş
tərəfli birgə işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxış
edib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva
Xəzər dənizinin səviyyəsinin son illərdə davamlı şəkildə
azaldığını, bu prosesin çaylarda su axımının azalması, temperatur
artımı və buxarlanmanın güclənməsi ilə daha da sürətləndiyini
vurğulayıb. O, Xəzərdə gələcək səviyyə dəyişikliklərinin ciddi
risklər yaratdığını qeyd edərək elmi əsaslı qərarların, regional
əməkdaşlığın və adaptasiya tədbirlərinin vacibliyini xüsusi diqqətə
çatdırıb.
İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri Xəzər
hövzəsində aparılan milli müşahidələr, formalaşan elmi
tendensiyalar və hökumətlərin müəyyənləşdirdiyi prioritet
istiqamətlər barədə ətraflı məlumat veriblər. Müzakirələr Xəzəryanı
dövlətlərin məsuliyyətinin artırılması, elmi əsaslı qərarların
dəstəklənməsi və region üzrə vahid, koordinasiyalı fəaliyyətin
zəruriliyini bir daha ön plana çıxarılıb.
Bundan əlavə, UNEP, UN-Habitat və WMO təşkilatlarının
nümayəndələri Xəzər hövzəsində müşahidə və monitorinq sistemlərinin
gücləndirilməsi, sahilyanı icmalar üçün dayanıqlı məskunlaşma və
inkişaf planlaşdırmasının dəstəklənməsi, su balansının dəqiq
qiymətləndirilməsi və region üzrə elmi araşdırmaların
genişləndirilməsi istiqamətində əməkdaşlığa və texniki dəstək
göstərməyə hazır olduqlarını ifadə ediblər.
Sonda “Xəzəryanı ölkələrin nazirləri və yüksəksəviyyəli
nümayəndələrinin Xəzər dənizinin səviyyəsinin azalması məsələsi
üzrə əməkdaşlığın gücləndirilməsi barədə Birgə Bəyannamə”si qəbul
edilib.
Bəyannamədə ötən il COP29 çərçivəsində Bakıda qəbul olunmuş Bakı
Bəyannaməsinə istinad edilərək Xəzəryanı ölkələrin bu məsələdə
əvvəlki öhdəliklərini davam etdirdikləri vurğulanır. Bildirilir ki,
Bakı Bəyannaməsi elmi əməkdaşlıq, məlumat mübadiləsi və
koordinasiyalı fəaliyyət üçün əsas yaratmış, COP30-da qəbul edilmiş
yeni Birgə Bəyannamə isə bu istiqamətdə səylərin daha da
gücləndirilməsinə xidmət edir.
Sənəddə elmi tədqiqatlar, monitorinq və məlumat mübadiləsi
sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədləri ifadə olunub.
Bununla yanaşı, BMT sistemi ilə birgə fəaliyyət və layihələrin
təşviqi, həmçinin Xəzər regionunun davamlı inkişafı və uzunmüddətli
dayanıqlığının təmin olunması istiqamətində birgə addımların
atılması üzrə ortaq niyyət də sənəddə öz əksini tapıb.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin azalması məsələsi
COP28-dən başlayaraq artıq üçüncü dəfə ardıcıl şəkildə Azərbaycanın
təşəbbüsü ilə BMT-nin iqlim konfranslarının çərçivəsində Azərbaycan
pavilyonunda bu məsələyə həsr olunan yüksəksəviyyəli tədbir təşkil
olunur.


