Bakı. Trend:
ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı
ofisinin açılışı olub.
Trend xəbər
verir ki, açılışda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Ramin Məmmədov, “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar,
Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin
birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və
İdarə Heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi
Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard iştirak
edib.
İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda 2024-cü
ildə rəsmi qeydiyyatdan keçib.
Qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi
(Mormon kilsəsi) xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal
xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən
dini mərkəzdir. Kilsəyə 15 həvari rəhbərlik edərək Kilsənin ən
yüksək idarəedici orqanları olan Birinci Prezidentlik və On İki
Həvarilər Kvorumu formalaşdırırlar. Ən yaşlı həvari Kilsənin
prezidenti olur və o, iki digər həvarini müşavir kimi özünə təyin
edir. Həmin üç nəfər Birinci Prezidentlik orqanı olaraq fəaliyyət
göstərir, digər on iki həvari isə Kilsənin On İki Həvarilər
Kvorumunu təşkil edir. On İki Həvarilər Kvorumundan sonra ən yüksək
orqan Yetmişlər Komitəsi hesab edilir. Hazırda Yetmişlər
Komitəsinin səkkiz Kvorumu (Komitənin alt orqanları) mövcuddur. Hər
bir Kvorumda 70 nəfərə qədər üzv ola bilər. Kvorumun bəzi üzvləri
Kilsənin baş qərargahında inzibati vəzifələrdə çalışırlar,
digərləri dünyanın müxtəlif bölgələrindəki kilsələrdə xidmət
edirlər. Yerli icmalara yepiskoplar rəhbərlik edir.
Briqam Yanq Universiteti (BYU)
Kilsənin qabaqcıl ali təhsil müəssisi olan Briqam Yanq
Universiteti (BYU) ABŞ-nin və dünyanın tanınmış universitetlərindən
biridir. Universitet Yuta ştatının Provo şəhərində yerləşir.
Universitetin tabeliyində fəaliyyət göstərən Beynəlxalq Hüquq və
Din Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Provo şəhərində hər
il Beynəlxalq Hüquq və Din simpoziumu keçirilir.
Stirlinq Fondu
Stirlinq Fondu ilə İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsi
arasında mənəvi dəyərlər və əməkdaşlıq baxımından yaxınlıq
mövcuddur. Fondun təsisçiləri və idarə heyətində Kilsənin üzvləri
geniş təmsil olunurlar. Buna görə də Fondun fəaliyyət fəlsəfəsində
Kilsənin dəyərləri – ailə birliyi, xidmət, təhsil və dinlərarası
dialoq kimi prinsiplər özünü göstərir.

