Zəfər Günü Abşeron rayonunda coşqu ilə qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xalqımıza böyük və şanlı zəfər gətirən 44 günlük Vətən
Müharibəsindən 5 il ötür. 2020-ci ildə Müzəffər Ali Baş Komandan,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
qətiyyətli rəhbərliyi, siyasi iradəsi və uzaqgörən siyasəti ilə
ordumuz düşmən üzərində qələbə qazanaraq 30 illik vətən həsrətinə
son qoydu. Qazanılan Zəfərlə ilahi ədalət bərpa edildi,
suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin olundu.

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış şanlı
bayramımız – Zəfər Günü Abşeron rayonunda da böyük iftixar və qürur
hissi ilə qeyd olunub. Qələbənin beşinci ildönümündə Abşeron Rayon
İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin
deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev, rayonun
hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid
ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti
iştirak edib. Vətənimizə və dövlətimizə əmanət qalan şəhid
övladları ilə birlikdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin
Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri
qoyularaq xatirəsi ehtiramla yad edilib.




Sonra şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə
rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xatirə Kompleksi, II Fəxri
Xiyaban və Xırdalan şəhərindəki Şəhidlər Xiyabanları ziyarət
olunub. O cümlədən RİH-in məsul əməkdaşları, ərazi dairəsi üzrə
nümayəndəliklər və yerli bələdiyyələr tərəfindən də rayonun bütün
kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları və şəhidlərimizin dəfn
olunduğu müqəddəs məkanlar ziyarət olunub, məzarları üzərinə gül
dəstələri qoyularaq şəhidlərimizin xatirələri ehtiramla yad olunub,
şəhid ailələrinin yaşadıqları mənzillərə baş çəkilərək bayramları
təbrik edilib, qayğıları ilə maraqlanılıb.

Zəfər Günü ilə əlaqədar Xırdalan şəhərində Ulu Öndərin adını
daşıyan Parkda respublikamızın tanınmış incəsənət xadimlərinin
iştirakı ilə təntənəli konsert proqramı təşkil olunub və Zəfər Günü
münasibətilə atəşfəşanlıq olub.