
Bakı. Trend:
Cənubi Qafqaz boru kəməri (CQBK) üzrə gündəlik orta ixrac həcmi
2024-cü ilin ilk doqquz ayında sutkada 61,7 milyon kubmetr qaz
təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 63,1
milyon kubmetrə çatıb ki, bu da illik ifadədə 2,3 faiz artım
deməkdir.
Bu barədə Trend
bp-yə istinadən məlumat verir.
İlin ilk üç rübü ərzində SCPC (boru kəmərinin operatoru) -nin
əməliyyat xərcləri təqribən 52 milyon dollar, əsaslı xərclər isə
təxminən 21 milyon dollar təşkil edib. Müqayisə üçün, ötən ilin
eyni dövründə bu göstərici müvafiq olaraq 60 milyon dollar və
təxminən 13 milyon dollar təşkil edirdi.
Beləcə, illik ifadədə əməliyyat xərcləri 13,3 faiz azalıb,
əsaslı xərclər isə 61,5 faiz artıb.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və
Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi
Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə
kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin
iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları
bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL
(19,99%), TPAO (19,00%), NİKO (10,00%).

