
Bakı. Trend:
Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I
Forumu çərçivəsində xaricdəki Azərbaycan Evlərinin təqdimatı
keçirilib, fəaliyyətləri müzakirə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov, Azərbaycan Respublikasının mədəniyyət naziri
Adil Kərimli, müxtəlif ölkələrdəki Azərbaycan Evlərinin və
Mədəniyyət Mərkəzlərinin rəhbərləri, media təmsilçiləri iştirak
edib.
Müzakirələr zamanı Azərbaycan Evlərinin fəaliyyəti ilə bağlı
videoçarxlar nümayiş olunub, evlərin mədəniyyətimizi, dilimizi və
milli kimliyimizi qorumaq istiqamətində həyata keçirdiyi layihələr
barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Evləri soydaşlarımızın elmi və
intellektual potensiallarının birləşdirilməsi, mədəni və ictimai
əlaqələrin möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması baxımından mühüm platforma rolunu oynayır.
Xaricdəki Azərbaycan Evlərinin rəhbərləri hesabat xarakterli
çıxışlar edib, mədəniyyət diplomatiyasına verə biləcəkləri
töhfələri bir daha xatırladıblar.
Daha sonra “Azərbaycan Evləri” konsepsiyasına yeni baxış
bucaqlarını özündə ehtiva edən, yaxın illər üçün hədəfləri və işlək
mexanizmləri müəyyən edən təqdimat iştirakçıların diqqətinə
çatdırılıb. Təqdimat böyük marağa səbəb olub və onun ətrafında
geniş müzakirələr aparılıb.
Görüşdə, həmçinin xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdə
tutulan “Milli Dilli” onlayn dərs layihəsinin təqdimatı
keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata
keçirilən layihənin ideya müəllifi və rəhbəri, Niderland
Krallığında yaşayan soydaşımız Sevinc Əliyeva “Milli Dilli”
haqqında geniş məlumat verib, gələcək inkişaf istiqamətlərini
nəzərə çatdırıb, layihənin hər kəs üçün əlçatan olduğunu bildirib.
Layihə barədə videoçarx təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri xaricdəki Azərbaycan
Evləri rəhbərlərinin çoxsaylı suallarını cavablandırıb.
Əlavə edək ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi
var. Hər bir Azərbaycan Evində həftəsonu məktəbləri fəaliyyət
göstərir.

