
Bakı.Trend:
Uşaq Strategiyasının icrası ilə əlaqədar olaraq, uşaq
hüquqlarının müdafiəsi sahəsində orqanların fəaliyyətində müəyyən
dəyişikliklər edilib.
Trend xəbər
verir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan
qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı
zamanı deyib.
O qeyd edib ki, əvvəllər İcra Hakimiyyəti yanında iki ayrı
komissiya fəaliyyət göstərirdi:
“Bunlar Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya idi.
Bu təkrarlılıq aradan qaldırıldı. Nəticədə Dövlət Komitəsinin
təklifləri əsasında qəbul olunmuş dəyişikliklərlə hazırda bu iki
komissiyanın istiqamətləri birləşdirilərək “Uşaq hüquqlarının
müdafiəsi üzrə Komissiya” yaradıldı. Bu addım həm struktur, həm də
məzmun baxımından doğru və məqsədəuyğun hesab edilir”.
B.Muradova vurğulayıb ki, eyni zamanda, Nazirlər Kabineti
yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın katibliyi
Dövlət Komitəsinin nəzdində yaradıldı.
“Artıq bu ilin əvvəlindən etibarən katiblik Dövlət Komitəsinin
əməkdaşları hesabına fəaliyyət göstərir”.
Komitə sədri əlavə edib ki, qısa müddət ərzində bu komissiyanın
işi və qanunla müəyyən edilmiş müddəaların reallaşdırılması
istiqamətində bir çox yeni dəyişikliklər həyata keçirilib:
“Bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsi sahəsində
komissiyaların fəaliyyətini gücləndirəcək. Çünki Dövlət Komitəsi
xüsusilə regionlarda fəaliyyət göstərən komissiyaların işini
əlaqələndirir, onları təlimləndirir, maarifləndirmə işləri aparır
və gündəlik texniki dəstək göstərir”, – komitə sədri əlavə
edib.

