Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin toplantısı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Köln şəhərindəki Azərbaycan Evində Almaniya
Azərbaycanlıları Alyansı İdarə Heyətinin toplantısı keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, Alyansın İdarə Heyətinin sədri Altay Rüstəmli
Almaniyada yaşayan həmvətənlərimizin birliyindən və milli
dəyərlərimizin qorunması istiqamətində görülən işlərdən danışıb, bu
ölkədəki diaspor təşkilatlarını birləşdirən Alyansın fəaliyyəti
barədə hesabatla çıxış edib.




Toplantıda iştirak edən Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət
siyasəti nəticəsində diaspor fəaliyyətinin yeni, daha yüksək
inkişaf mərhələsinə yüksəldiyini qeyd edib. Alyansın gördüyü
işlərlə bağlı fikrini bildirən komitə sədri xaricdə yaşayan
soydaşlarımızın milli maraqlar ətrafında sıx birləşməsinin, diaspor
təşkilatlarının fəaliyyətinin mərkəzləşdirilməsinin və görülən
işlərin sistemliliyinin əhəmiyyətini diqqət mərkəzinə gətirib.

Müzakirələr zamanı bildirilib ki, həmvətənlərimizin bu
proseslərdə göstərdikləri fəallıq və təşəbbüskarlıq Azərbaycan
diaspor hərəkatının inkişafında mühüm rol oynayır, icmalaşma
prosesi güclənir, diaspor təşkilatlarının qərar qəbuletmə
bacarıqları sürətlə inkişaf edir.

Toplantı Alyansın bundan sonrakı fəaliyyətinə, ümumilikdə
diasporun inkişafına təkan verə biləcək istiqamətlər üzrə fikir
mübadiləsinin aparılması və perspektivə dair təkliflərin
səsləndirilməsi ilə yekunlaşıb.