
Bakı.Trend:
İnsanları BƏƏ, Kanada və Avropa ölkələrində işə düzəltmək adı
altında dələduzluq edərək aldadan şəxslər saxlanılıblar.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə
düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən
26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev
saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi
rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis
icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar
zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa
ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini
verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox
zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ
keçiriblər.
Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi
başlanılıb, araşdırmalar davam etdirilir.

