
Bakı. Trend:
Noyabrın 1-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi
İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”)
layihəsinin maraq doğuran təqdimatlarından biri də tanınmış
italiyalı rəssam və heykəltaraş Cüzeppe Karta ilə görüş olacaq.
Trend xəbər
verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçiriləcək
ustad dərsində əvvəlcədən qeydiyyatdan keçən gənc tədqiqatçılar,
tələbələr, Cüzeppe Karta yaradıcılığına həvəs göstərənlər iştirak
edəcək.
Mühazirə “Cüzeppe Kartanın yaradıcılığının əsas istiqamətləri”
mövzusunu əhatə edəcək. Rəssam yaradıcılığı, emalatxanada gördüyü
işlər, əsərlərinin yaradılması texnologiyası, prinsipləri barədə
auditoriyaya geniş məlumat verəcək. Müəllif həm də beynəlxalq sərgi
layihələrindən söz açacaq.
Xatırladaq ki, hazırda Cüzeppe Kartanın Heydər Əliyev Mərkəzində
“Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi ekspozisiyası
da sərgilənir. Sərgidə böyük meyvə və tərəvəz heykəlləri nümayiş
olunur. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev
Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə
Bakıda təqdim edilir.

