
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa
çıxarılan mənzillərdən son bir ayda daha 15 mənzil satılıb.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, mənzillər Bakının Ramana və Ümid qəsəbələrində,
Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır.
Hazırda 1057 mənzilin satışı davam edir və satışdan əldə olunan
vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə
əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına
yönəldiləcək.
Hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışı
ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır.
Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq
olar.
Mənzillərdən almaq istəyən şəxslər qeyd edilən portala daxil
olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu
portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.
Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin
autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA
rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron
imza) birinə malik olmalıdır.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır,
ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Əgər
ilk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaq
hüququ onu bron etmiş digər şəxsə keçir.
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində
dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq
edilmiş alqı-satqı müqaviləsi bağlanır.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda
mənzil ala bilər.
Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən
qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə
bilərsiniz.

