Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri aparılır (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən
məlumata görə son günlərdə paytaxtın bəzi ərazilərində əsas
etibarilə tut ağaclarını qurd basması halları müşahidə olunur.

Trend
xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat
yayıb.

Bildirilib ki, ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış
binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri
narahat edir. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən
qurdların müşahidə edildiyi ərazilərə baxış keşirilib və müəyyən
edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.




Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə,
alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən,
göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda
aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən
olunub. Onu qeyd edək ki, sözügedən həşaratların insan sağlamlığı
üçün heç bir zərəri yoxdur.

Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı
Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri
tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika
ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə
alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan
bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri
tətbiq edilir.

Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı
Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik
monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi
ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata
keçirilir.