Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq konfrans keçirilib (YENİLƏNİB)

Baş səhifə

Bakı.Trend:

Bakıda Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş
beynəlxalq konfrans təşkil edilib.

Trend xəbər
verir ki, tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj
sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünaslar arasında bilik
mübadiləsini təşviq etmək, dövlət və özəl sektorda çalışan
hüquqşünaslar arasında əməkdaşlığı gücləndirmək, eləcə də
Azərbaycanda arbitraj sektorunun inkişafı istiqamətində müzakirələr
üçün dinamik platforma yaratmaqdır.

Konfransda 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq dövlət
rəsmisi, hüquqşünas, xarici qonaq iştirak edib.

Tədbirdə Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva çıxış
edərək bildirib ki, mərkəz yüksək beynəlxalq standartlara uyğun
olaraq yaradılıb. Digər arbitraj mərkəzləri kimi Bakı Arbitraj
Mərkəzinin də müvafiq qərarları olacaq:”Arbitraj qaydaları
hazırdır. Bu qaydalar rus, fransız və türk dillərində də tərtib
olunacaq. Həmçinin “Bakı Arbitraj hüququ” adlı jurnal tərtib
etmişik. Bu, ixtisaslaşmış hüquq jurnalıdır. Jurnal ildə 2 dəfə
Azərbaycan və ingilis dilllərində çap olunacaq”.

Ali Məhkəmənin sədri İnam Kərimov çıxışında qeyd edib ki,
məhkəmələr və arbitraj bir-birinə rəqib deyil. Azərbaycan arbitrajı
əsas beynəlxalq müqavilələrin, o cümlədən 1958-ci il Nyu-York
Konvensiyasının iştirakçısıdır: “Arbitrajın yaxşı işləməsi üçün
bizə güclü institutlar, qanunları ardıcıl və dürüst şəkildə tətbiq
edən məlumatlı hakimlər lazımdır. Fədakar və peşəkar heyəti, eyni
zamanda, beynəlxalq standartlara uyğun fəaliyyəti ilə mərkəz
Azərbaycanın ədalətli və şəffaf mübahisə həllinə olan sadiqliyini
nümayiş etdirir. Bu, arbitraja olan etimadı artıracaq və
Azərbaycanda qanunun aliliyini daha da möhkəmləndirəcək. Arbitrajın
uğurla həyata keçirilməsi üçün müvafiq institutlarla məhkəmə
sistemləri arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.




Ədliyyə naziri Fərid Əhmədov vurğulayıb ki, Azərbaycanda
beynəlxalq arbitraj proseslərinə dərindən bələd olan, bu sahədə
ixtisaslaşmış yeni nəsil gənc hüquqşünaslar formalaşıb: “Onlar
təkcə beynəlxalq arbitraj məhkəmələrində iş aparmaq bacarığına
malik deyillər, eyni zamanda, müxtəlif arbitraj panellərində arbitr
kimi fəaliyyət göstərmək imkanına da sahibdirlər. Bakı Arbitraj
Mərkəzinin yaradılması Azərbaycanın hüquq sisteminin beynəlxalq
arenaya inteqrasiyası və ədalətli mübahisə həlli mexanizmlərinin
qurulması istiqamətində mühüm addımdır”.

Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişelin
sözlərinə görə, arbitraj dövlətlərə, şirkətlərə və beynəlxalq
investorlara sakit, etibarlı və ədalətli mühitdə fikir
ayrılıqlarını həll etmək imkanı verir: “Vasitəçilikdən və
barışdırmadan fərqli olaraq, arbitraj məhkəmə qüvvəsinə malik
bağlayıcı qərar çıxarır. Bu, hüquqi aydınlıq və sabitlik yaradır.
Daimi məhkəmələrdən fərqli olaraq, arbitraj prosesi çevikdir.
Tərəflər öz arbitrlərini seçə, qaydalarını müəyyənləşdirə və
nəticənin obyektivliyinə inanaraq bu prosesi şəffaf şəkildə idarə
edə bilirlər. Bu baxımdan, arbitraj yalnız hüquqi mexanizm deyil,
həm də etimadın, sülhün və hüququn üstünlüyünün simvoludur”

Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitutun keçmiş
prezidenti Maria Chiara Malaguti deyib ki, regionda iqtisadi
inteqrasiyanın, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün
etibarlı hüquqi mühitin yaradılması vacibdir. Bu baxımdan, Bakıda
Beynəlxalq Arbitraj Mərkəzinin təsis edilməsi çox mühüm və vaxtında
atılmış addımdır. “Bu mərkəz təkcə hüquqşünaslar və mütəxəssislər
üçün deyil, həm də ölkə və region üçün strateji imkan yaradır.
Çünki arbitraj mübahisələrin sülh, qarşılıqlı hörmət və hüququn
aliliyi prinsipləri əsasında həllinə xidmət edir. Arbitrajın əsas
üstünlüyü onun elastikliyi və tərəflərə verdiyi azadlıqdır. O,
iştirakçılara qaydaları özləri müəyyən etmək, münasibətləri
pozmadan fikir ayrılıqlarını aradan qaldırmaq imkanı yaradır. Bu
mərkəzin yaradılması Azərbaycan üçün həm investisiya mühitinin
etibarlılığını artırmaq, həm də regional hüquqi infrastrukturun
güclənməsi baxımından əhəmiyyətlidir”.

Çıxışlardan sonra tədbir panel müzakirələrlə davam edib.