
Bakı. Trend:
Avropa İttifaqı, Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER)
tərəfindən icra olunan “EU4Energy” layihəsinin yeni mərhələsi
çərçivəsində Azərbaycanın enerji sektorunda “yaşıl keçid”ə və
islahatlara dəstəyi davam etdirməyə hazırdır.
Bu barədə Trend-ə CEER-in regional ofisinin rəhbəri Ester Sule
açıqlama verib.
“Biz Avropa Enerji Tənzimləyiciləri Şurasını təmsil edirik və
Avropa İttifaqı adından Azərbaycanda “EU4Energy” layihəsini həyata
keçiririk. Biz həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin hamısına
cavabdehik, lakin tədbirlərin birbaşa icrası məhz Azərbaycanda
həyata keçirilir”, – deyə E.Sule bildirib.
Onun sözlərinə görə, layihənin cari mərhələsi 2025-ci il
noyabrın 18-də başa çatacaq, lakin artıq onun davamı
planlaşdırılır:
“Yeni mərhələdə biz Energetika Nazirliyi ilə birlikdə hansı
istiqamətlərin və fəaliyyət növlərinin bizim dəstəyimizə ehtiyacı
olduğunu müzakirə edəcəyik. Şübhəsiz ki, Avropa İttifaqı bu layihə
vasitəsilə Azərbaycanın “yaşıl keçid”inə dəstək verməyə, Enerji
Tənzimləyiciləri Şurası isə tənzimləyici institutların və
qanunvericiliyin inkişafına töhfə verməyə hazırdır”, – o qeyd
edib.
E.Sule əlavə edib ki, CEER və Avropa İttifaqı Azərbaycanın
elektroenergetika sektorunda planlaşdırılan islahatlara dəstəyi
davam etdirmək niyyətindədirlər, çünki Avropa ölkələri enerji
bazarlarının liberallaşdırılması sahəsində artıq böyük təcrübəyə
malikdirlər.
“Biz bu islahatları dəstəkləyəcəyik və Avropa təcrübəsini
bölüşməyə hazırıq”, – deyə o vurğulayıb.

