
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Xorvatiyaya
537,8 milyon ABŞ dolları dəyərində 998,6 min ton həcmində bitumlu
süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü
ilə müqayisədə həmin ölkəyə ixracın dəyəri 89,2 milyon dollar və ya
14 faiz, həcmi isə 6,4 min ton və ya 0,6 faiz azalıb.
Belə ki, ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan
Xorvatiyaya 627 milyon ABŞ dolları dəyərində 1,005 milyon ton neft
və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində və 16,996
milyon ton həcmində bitumlu süxurlardan alınan xam neft və neft
məhsulları ixrac edilib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz,
təbii ifadədə isə 613 min ton və ya 3,5 faiz azdır.

