Ermənilərin Gəncəyə beşinci raket hücumundan 5 il ötür

Baş səhifə

Bakı. Trend:

Bu gün Ermənistanın Gəncəyə beşinci qanlı raket hücumundan 5 il
ötür.

2020-ci ilin oktyabrın 17-də gecə saatlarında şəhərin mərkəzi
düşmənin raket hücumuna məruz qalıb. Gəncəyə edilən sayca beşinci
raket hücumu nəticəsində 15 mülki şəxs şəhid olub, 55 nəfər isə
yaralanıb.

Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror
siyasəti Cenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının,
UNESCO-nun, eləcə də, digər beynəlxalq və regional təşkilatların
qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini
kobud və düşünülmüş şəkildə pozmuşdu. Lakin Ermənistana bunların
heç birinə məhəl qoymayaraq, mülki əhaliyə qarşı terror siyasətini
davam etdirmişdi.

Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə
hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb,
şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat
vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün
davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və
qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə
almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki
şəxs (o cümlədən, 54 kişi, 27 qadın və 12 uşaq) həlak olub, 444
nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət
alıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki
əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan və
özünü Qarabağda separatçıların “prezidenti” adlandıran Araik
Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq
Bakıya gətirilib.