
Bakı. Trend:
Bu gün Füzuli şəhərinin erməni işğalından azad olunmasının 5 ili
tamam olur.
Füzuli şəhəri uğrunda 2020-ci ilin 27 sentyabrından başlanan 17
oktyabr tarixinə kimi davam edən döyüşlər Vətən müharibəsinin ən
çətin dövrünə təsadüf edib.
Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək, ərazini tərk
etmək məcburiyyətində qalır. Əməliyyatlar nəticəsində Ermənistan
ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv
edilir. Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir.
Üstəlik, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə
xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca
irəliləməsi üçün geniş imkanlar yaradır. Cəbhə xəttinin
Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa
keçməsi onları asan düşmən hədəfi olmaqdan qoruyur. Şəhər uğrunda
gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində
Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və
Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından
öncə artıq şəhər bir neçə istiqamətdə Azərbaycan ordusu tərəfindən
mühasirəyə alınır.
Nəhayət, 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli
döyüş başlayır. Şanlı Azərbaycan Ordusunun aramsız həmlələri
nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli,
Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri
işğaldan tam azad edilir.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın
nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində Füzuli
şəhəri də daxil olmaqla 30 il işğal altında qalan ərazilər
düşməndən təmizlənib və ölkəmizin ərazi bütövlüyümüz bərpa edilib.
Xüsusilə Şuşanın 8 Noyabr tarixində azad edilməsi müharibənin
gedişatında dönüş nöqtəsi olub. Şuşa əməliyyatı Azərbaycan
ordusunun hərbi hazırlığının, strateji və taktiki düşüncəsinin ən
parlaq nümunələrindən biri kimi tarixə düşüb.
Qələbəmizdən cəmi 6 gün sonra – 2020-ci il noyabrın 16-da
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan
azad edilən Füzuli rayonunda olublar. Səfər çərçivəsində dövlət
başçısı Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması
üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın
uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları
və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan
lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az
müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında
təslim olmaq məcburiyyətində qalıblar.
Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri,
qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş
mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah
olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib,
separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün
ərazisində suverenliyini tam bərpa edib.

