
Rusiyanın Ural vilayətində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin həbs cəzasından verdikləri apellyasiya şikayəti təmin olunmayıb. Sverdlovsk Vilayət Məhkəməsi aşağı instansiyanın hökmünü dəyişməz saxlayaraq ata və oğulun məhkumluğunu qüvvədə təsdiqləyib.
Xatırladaq ki, cari ilin aprel ayında məhkəmə ata və oğulu hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə Şahin Şıxlinskiyə 9 il ciddi rejimli, oğlu Mutvalı Şıxlinskiyə isə 8 il ümumi rejimli həbs cəzası kəsilib.
Qeyd edək ki, diasporun keçmiş rəhbəri bundan əvvəl başqa bir cinayət işi üzrə – iş adamının qətlində və öz soydaşına qarşı sui-qəsddə təqsirli bilinərək 22 il müddətinə ciddi rejimli həbs cəzasına məhkum edilmişdi. Sonuncu qərarla birlikdə, cəzaların toplanması prinsipinə əsasən, Şahin Şıxlinskinin qəti cəzası 24 il azadlıqdan məhrumetmə olaraq müəyyən edilib.
Modern.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, Şahin Şıxlinskinin qohumu Elçin Şıxlinski bildirib ki, qohumlarının həbsinin arxasında siyasi səbəblər dayanır:
“Şahinin və oğlunun tutulması və onlara həddindən artıq cəza verilməsi siyasi məsələsidir. Rusiya bu müstəvidə Azərbaycana təsir edərək, onu öz tərəfinə çəkmək istəyir. Amma bundan sonrakı proseslərdə nə olacağını zaman göstərəcək. Hüquqi səviyyədə hansı işlər lazımdırsa, görünəcək”.

