
Bakı. Trend:
Qida sənayesinin nəhəngi “Nestlé” 2027-ci ilin sonunadək 16 000
iş yerini ixtisar edəcəyini açıqlayıb.
Trend xəbər verir
ki, bu qərar Fransa Demokratik Əmək Konfederasiyası (CFDT)
həmkarlar ittifaqı tərəfindən sərt tənqid olunub.
“Nestlé”də CFDT-nin federal katibi və həmkarlar ittifaqının
koordinatoru Kristof Kofman “franceinfo”ya açıqlamasında bu addımı
“dramatik” adlandırıb.
“Nestlé”nin səhmləri zəifləyib, ciddi itkilər var. Səhmdarlara
yenidən inam aşılamaq istəyirlər. Təəssüf ki, bugünkü dünyada
səhmdarları sakitləşdirməyin ən effektiv yolu işçilərin
ixtisarıdır”, – deyə Kofman bildirib.
Məlumata görə, ixtisarların təxminən 12 mini idarəçi və ofis
işçilərini, 4 mini isə istehsalat sahəsində çalışanları əhatə
edəcək.
CFDT nümayəndəsi əməkdaşları səssiz qalmamağa, sayıq və fəal
olmağa çağırıb. Həmkarlar ittifaqı “Nestlé” rəhbərliyinin bu
qərarına qarşı səfərbərlik və təzyiq vasitələri ilə cavab
verəcəyini bəyan edib.
Mütəxəssislər yaxın aylarda şirkətdə çətin və gərgin sosial
dialoqların baş verəcəyini proqnozlaşdırırlar.

