
Bakı. Trend:
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq
Qaynar Xətt” xidməti (AUQX) 2025-ci ilin iyul-sentyabr ayları
ərzində 1594 müraciət qəbul edib.
Müraciətlərin 512-si psixoloji dəstəyə ehtiyacla bağlı olub və
bu istiqamət ilin ilk altı ayında olduğu kimi üstünlük təşkil edib.
Bununla yanaşı, 261 sosial məsələ, 232 zorakılıq halı, 227 hüquqi
yardım, 98 təhsil, 14 səhiyyə və 250 müxtəlif məzmunlu sorğu qeydə
alınıb.
Statistikaya əsasən, müraciət edənlərin 59%-ni qadınlar, 29%-ni
kişilər təşkil edib. Müraciətlərin 12%-i isə xidmətə anonim qaydada
ünvanlanıb. Yaş bölgüsünə görə, ən çox müraciət 15–18 yaş
aralığındakı yeniyetmələr tərəfindən edilib – 1147. Digər
sorğuların 335-i 11–14 yaş, 112-si isə 10 yaşadək uşaqlarla bağlı
olub.
Müraciətlərin 50%-i rəqəmsal kanallar (sosial media, e-poçt,
veb-sayt) üzərindən, digər 50%-i isə telefon zəngləri vasitəsilə
edilib.
Çətin vəziyyətə düşmüş uşaqlara yardım məqsədilə 34 ailə mərkəzə
dəvət edilərək hüquqi, psixoloji və psixososial dəstək alıb.
Ümumilikdə, 90-dan çox sosial-psixoloji reabilitasiya işi həyata
keçirilib, 3 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfər təşkil
edilib. Bununla yanaşı, AUQX komandası xidmətin fəaliyyəti barədə
məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri də
keçirib.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini “Azercell
Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin dəstəyi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai
Birliyinin idarəçiliyi ilə davam etdirir.
24/7 rejimdə fəaliyyət göstərən Qaynar Xəttə 116111 qısa
nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80,
+994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]),
Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti),
“Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı
üzərindən müraciət etmək mümkündür.


