Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi idi – Sahibə Qafarova

Baş səhifə

Bakı. Trend:

Sülh, təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli
olan amillərdir. 44 günlük Vətən Müharibəsinin 5-ci ildönümünü qeyd
etdiyimiz indiki dövrdə Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha
təsdiq edir.

Trend xəbər
verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova bu gün
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli
Görüşünün açılış mərasimindəki çıxışı zamanı səsləndirib.

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə
suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun
təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki,
müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə
çıxış etdi, sülhün əsas prinsiplərini və sülh müqaviləsinin
layihəsini irəli sürdü.

Sahibə Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların
nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və
Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın
xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladı. Qeyd
olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan
Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar.
Regional kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq
edildi.

Spiker Sahibə Qafarovanın sözlərinə görə, Vaşinqton görüşünün
əsas nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü olan
Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi
Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda
əməkdaşlığa və tərəqqiyə xidmət edəcək.

Milli Məclisin sədri bütün bunların ilk növbədə Prezident İlham
Əliyevin həyata keçirdiyi sülh diplomatiyasının, təhlükəsizlik,
əməkdaşlıq və tərəqqi naminə gərgin fəaliyyətinin nəticəsi olduğunu
xüsusilə vurğulayıb.