DSMF sədri BSTA Bürosuna üzv, DOST Agentliyinin sədri isə Təşkilatın Komissiya rəhbəri seçilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Malayziyanın
Kuala Lumpur şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda da
son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar, həmçinin
DOST modeli yüksək qiymətləndirilib.

Trend bu barədə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər
verir.

Bildirilib ki, forumda səsvermə əsasında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun
(DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev BSTA-nın ali idarəetmə
orqanı olan BSTA Bürosunun üzvü seçilib.

Həmçinin Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın təqdimatı
əsasında Nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin
sədri Fərid Məmmədov BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və
Araşdırılması üzrə Texniki Komissiyasının 2026-2028-ci illər üçün
sədri seçilib.




F.Məmmədov Komissiyanın sədr müavinlərinin müəyyənləşdirilməsi,
növbəti üçillik fəaliyyət planının hazırlanması və icrası prosesinə
rəhbərlik edəcək.

Xatırladaq ki, Forumda DOST Agentliyi və DSMF BSTA-nın
mükafatları ilə də təltif olunublar.

160-dan çox ölkənin 330-dək qurumunu özündə birləşdirən BSTA
sosial təminat sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlardan
biridir.

Bu Təşkilatın ali idarəetmə orqanlarında təmsil olunmaq
beynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm qərarların qəbulunda,
büdcə strategiyasının və prioritet hədəflərin müəyyən edilməsi
prosesində yaxından iştirak imkanı qazandırır.