
Bakı. Tend%
Son dövrlərdə Yaxın Şərqdə artan gərginlik, xüsusilə ABŞ-İran
qarşıdurması fonunda dünya bazarlarında neft və ərzaq qiymətlərinin
yüksəlməsi qlobal iqtisadi təhlükəsizliklə bağlı narahatlıqları
daha artırıb. Dünyada daşınan neftin mühüm hissəsinin keçdiyi
Hörmüz boğazı ətrafında yaranan risklər beynəlxalq ticarət
zəncirinə və enerji bazarlarına ciddi təsir göstərir. Bu cür
geosiyasi böhranlar ərzaq təhlükəsizliyi, logistika və inflyasiya
proseslərinə birbaşa təsir etməklə bir çox ölkələr üçün əlavə
iqtisadi təzyiqlər yaradır. Belə mürəkkəb beynəlxalq şəraitdə
Azərbaycanda qorunan sabitlik, sosial-iqtisadi dayanıqlılıq və
ictimai təhlükəsizlik xüsusilə diqqət çəkir.
Bəs mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın qoruduğu daxili
sabitlik və təhlükəsizlik mühiti region ölkələri ilə müqayisədə
hansı strateji üstünlükləri yaradır?
Trend İnformasiya
Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu AZƏRTAC-a
açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən son hadisələr,
xüsusilə İran ətrafında artan gərginlik, Hörmüz boğazında müşahidə
olunan təhlükəli proseslər fonunda Azərbaycanın nümayiş etdirdiyi
daxili sabitlik və balanslaşdırılmış xarici siyasət region üçün
mühüm nümunə kimi diqqət çəkir. Azərbaycan neft və enerji
resurslarına malik olsa da, bu resursların hər zaman sabitlik və
təhlükəsizlik təmin etmədiyini bölgədə baş verən hadisələr açıq
şəkildə göstərir.
Ekspert qeyd edib ki, son 10-15 ildə Yaxın Şərqdə baş verən
proseslərə nəzər saldıqda, bir çox ölkələrdə yaşanan böhranların
əsas səbəblərindən birinin lider boşluğu olduğu aydın görünür.
“Bunu çəkinmədən demək olar. Baxmayaraq ki, Azərbaycanın ərəb
ölkələri ilə münasibətləri yüksək səviyyədədir, amma bu gün
regionda bir çox dövlətlərdə lider böhranı açıq şəkildə müşahidə
olunur. Suriyada baş verən vətəndaş müharibəsi bunun ən ağır
nümunələrindən biridir. Halbuki Suriya həm neft ehtiyatlarına, həm
kənd təsərrüfatına, həm də digər iqtisadi potensiala malik ölkə
idi. Lakin idarəetmədəki problemlər ölkəni faciəvi vətəndaş
müharibəsinə sürüklədi və bunun ağır nəticələrini bu gün də
görürük”, – deyə Rufiz Hafizoğlu vurğulayıb.
Ekspertin sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələrə
lokal yanaşmaq düzgün deyil. “Əgər məsələyə fundamental
yanaşırıqsa, bütün proseslərə kompleks şəkildə baxmaq lazımdır. Mən
əvvəldən də qeyd etmişdim ki, İran ətrafında aparılan danışıqlar
prosesinin uğurlu nəticə verəcəyinə inanmıram. Son açıqlamalar da
bunu göstərir. Hətta ABŞ Prezidenti Donald Trampın son bəyanatları
da bu prosesin nə qədər mürəkkəb olduğunu ortaya qoydu. Hesab
edirəm ki, İran ətrafında və ümumilikdə Yaxın Şərqdə başlayan
proseslər hələ pik həddə çatmayıb və qarşıdakı dövrdə daha mürəkkəb
mərhələlər yaşana bilər. Bütün bu mürəkkəb proseslərin fonunda
Azərbaycan fərqli mövqeyi ilə seçilir. Azərbaycan bu gün regionda
münaqişə tərəflərinin hər biri ilə açıq dialoq qura bilən nadir
ölkələrdəndir. Bu, Azərbaycanın xarici siyasətinin mühüm uğurudur
və ölkə başçısının həyata keçirdiyi balanslı siyasətin nəticəsidir.
Azərbaycan həm ərəb dünyası ilə, həm İsraillə normal münasibətlərə
malikdir. Eyni zamanda, İranın zaman-zaman sərgilədiyi aqressiv
addımlara baxmayaraq, Bakı Tehranla da təmkinli və ölçülüb-biçilmiş
siyasət yürüdür. Bununla yanaşı, ABŞ ilə münasibətlər də yüksək
səviyyədə qorunur”, – deyə ekspert qeyd edib.
Rufiz Hafizoğlu hesab edir ki, regionda baş verən bir çox
problemlərin əsas səbəblərindən biri tərəflər arasında dialoq
mühitinin olmamasıdır.
“Azərbaycanın bütün tərəflərlə diplomatik əlaqələrə və dialoq
imkanlarına malik olması ölkəyə daha geniş manevr imkanları verir.
Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Burada ən vacib
məsələlərdən biri də daxili sabitlikdir. Biz görürük ki, neft və
zəngin resurslar hər zaman sabitlik demək deyil. Bəzi ərəb
ölkələrinin timsalında bunun acı nəticələri müşahidə olunub.
Azərbaycan isə bütün bu balansları qoruyaraq həm daxili, həm də
xarici siyasətini uğurla davam etdirir. Azərbaycanın Yaxın Şərq
siyasəti son dərəcə incə və dəqiq şəkildə qurulub.
Azərbaycanın Yaxın Şərq siyasəti o qədər həssas və dəqiq
hesablanmış siyasətdir ki, bu gün regionda yaşanan bütün böhranlara
baxmayaraq ölkə özünü təhlükəsiz və sabit hiss edə bilir. Bəzən
belə fikir formalaşdırmağa çalışırlar ki, Yaxın Şərqdə baş
verənlərin Azərbaycana aidiyyəti yoxdur. Amma bu, doğru yanaşma
deyil. Azərbaycan Şərq dünyasının ayrılmaz hissəsidir və regionda
baş verən bütün proseslər dolayısı ilə bizə də təsir edir. Məhz
buna görə də Azərbaycanın həyata keçirdiyi balanslı siyasət
ölkəmizə ciddi strateji üstünlüklər qazandırır. Ən vacib məqam isə
ondan ibarətdir ki, Azərbaycan bütün tərəflərlə dialoq
mexanizmlərini qoruyub saxlayır”, – deyə ekspert fikrini
tamamlayıb.

