Qazaxıstanın “Açıq bankçılıq” üzrə Azərbaycanla əməkdaşlıq imkanları dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Region bazarlarının inkişafı və fintex sistemlər arasında
müəyyən inteqrasiyanın mümkünlüyü vacibdir.

Trend xəbər
verir ki, bu barədə Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının
sədr müavini Yulia Salehova “Baku Fintech Forum 2025” çərçivəsində
jurnalistlərə açıqlamasında bildirib.

“Təbii ki, bunun həyata keçirilməsi çox böyük resurslar və zaman
tələb edəcək. Amma məncə, bu yalnız mümkün olmamalıdır, eyni
zamanda prioritet olmalıdır”, – Y. Salehova vurğulayıb.




O, həmçinin açıq bankçılığın üstünlüyündən, Qazaxıstan
təcrübəsindən və Azərbaycannla bu istiqamətdə mümkün əməkdaşlıq
imkanlarından da danışıb: “Açıq bankçılıq (“Open Banking”) bazara
müəyyən üstünlüklər verə biləcək bir istiqamətdir və bazar
iştirakçılarının, yalnız bankların yox, ilk növbədə kiçik fintex
şirkətlərinin inkişafına ciddi təkan verə bilər. Bir “unicorn”
şirkəti yetişdirmək üçün onlara böyümək üçün imkan yaratmaq
lazımdır. “Open Banking” imkanlarının bu oyunçularla
bölüşdürülməsi, bəlkə də, məhz “unicorn”ları yetişdirə biləcəyimiz
sahədir.

“Open Banking”in bank sektoru üçün imkanlarına gəlincə, əgər bu
Azərbaycanda tətbiq olunarsa, bank sektorumuza hansı üstünlükləri
gətirə bilər? Məlumatların paylaşılması banklar arasında və
müxtəlif müştəri hesabları arasında əməliyyatları daha sürətli
edəcək. Açıq bankçılıq əsasən müştəriyə bütün hesablarını daha
yaxşı idarə etmək, məlumatları bir yerdə görmək və bir bankın
müştərisi olaraq digər bankın təqdim etdiyi xidmətlərə çıxış
imkanını təmin edir”.

“Əgər bu inteqrasiya uğurla həyata keçirilərsə, əsas faydalanan
tərəf, əlbəttə, son müştəri olacaq. Eyni zamanda, “Open Banking”
imkanlarının fintex şirkətləri ilə bölüşdürülməsi bu şirkətlərin
inkişafına, yeni interfeyslərin və məhsulların yaradılmasına,
nəticədə isə bazarın ümumi inkişafına şərait yaradacaq. Bəlkə bu,
bizə hazırda görmədiyimiz yeni imkanları da göstərəcək”, – deyə Y.
Salehova vurğulayıb.