
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüş
şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və
əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın
iştirakçılarına müraciət ünvanlayıb.
Trend xəbər verir ki,
müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları!
Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq
konfransda səmimi-qəlbdən salamlayıram.
İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri
problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını
itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş
Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin
düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış,
həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür.
Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl
qoyulmamasının acı nəticəsidir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən
artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri
də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək
azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad
edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar
edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının
ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli
işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır
mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi,
qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi
beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq
gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur.
1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş
187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn
edilmişlər.
2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları
Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə
Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük
tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və
sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə
münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin
salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də
təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi
tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında
əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi
azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi
məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat
verməlidir.
Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq
birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq
üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr
olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin
düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul
edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri
və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə
təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da
artırmalıdır.
Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr
itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq
əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Bir daha sizi salamlayır və konfransın işinə uğurlar
arzulayıram”.

