Bakı. Trend:
Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure
Defence Challenge” kibertəhlükəsizlik festivalının rəsmi açılış
mərasimi keçirilir.
Trend xəbər
verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə
təşkilatçılığı ilə həyata keçirilir.
Bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2 245 ziyarətçi, 934
təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub.
Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi,
informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin
tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması,
həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın
gücləndirilməsidir.
İki gün ərzində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması,
kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən 10
təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin
“Hack The Future 2” proqramı üzrə 6 ödənişsız təlim və
kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları
birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı
yaradılacaq.
Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici
şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və
şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim
edecəklər.
Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı
bu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata
keçiriləcək. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları,
bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk
dəfə 5 xarici komanda iştirak edəcək. Onların arasında Birləşmiş
Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan
komandaları yer alıb. Qalib komandalar 30 min manatlıq mükafat
fonduna sahib olacaqlar.

