
Bakı.Trend:
Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə
müraciət edib.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat
verilib.
Bildirilib ki, Bakı şəhərində piyada səkilərində nəqliyyat
vasitələrinin saxlanılması halları ilə bağlı vətəndaşlardan daxil
olan çoxsaylı müraciətlər əsasında polis əməkdaşları tərəfindən
profilaktik tədbirlər davam etdirilir.
Vurğulanıb ki, polis əməkdaşları paytaxtın Nərimanov və Sabunçu
rayonları ərazilərində yerləşən bir neçə piyada səkisində
avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər
aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, piyadaların
hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park
edilməsi inzibati xəta pozuntusudur. Səkilərin zəbt edilməsi
piyadaların yolun hərəkət hissəsinə çıxması və beləliklə də onların
həyatlarının təhlükə altında qalması ilə nəticələnir.
“Bir daha sürücülərdən xahiş olunur ki, dayanma-durma və
parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və
digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların
təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə
saxlamasınlar.
Paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək”,-
qurumdan əlavə edilib.

