Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət
edib.


Trend
xəbər verir ki, müraciətdə deyilir:

“Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu
nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında
ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi
təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz
nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat
hadisələrinə səbəb olur.




Qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə
tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya
görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun
hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin
olmadığını yəqin etməli, yolun hərəkət hissəsində zərurət olmadan
ləngiməməli, nizamlanmayan piyada keçidlərində yolun hərəkət
hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək
məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin
onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra
çıxmalıdırlar.

Dəyərli piyadalar! Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları
kimi sizləri sadalanan qaydalara qeyd-şərtsiz əməl etməyə, öz həyat
və sağlamlığınızı təhlükəyə atmamağa çağırırıq”.