
Bakı. Trend:
Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə tranzit haqqında sazişin
imzalanmasından bəri “KazMunayGaz” və SOCAR-ın törəmə şirkətləri
(“Kazmortransflot” və ASCO) paritet əsaslarla təxminən 3,4 milyon
ton Qazaxıstan neftini nəql ediblər.
Trend bu barədə
“KazMunayGaz”a istinadən xəbər verir.
Şirkətin məlumatına əsasən, bu məsələ “KazMunayGaz”ın İdarə
Heyətinin sədri Asxat Xasenov ilə SOCAR-ın Prezidenti Rövşən Nəcəf
arasında Astanada keçirilən görüşdə müzakirə olunub.
Tərəflər karbohidrogenlərin nəqlinin cari vəziyyətini və
perspektivlərini, həmçinin rəqəmsallaşma və sənaye təhlükəsizliyi
sahəsində əməkdaşlığı nəzərdən keçiriblər.
Qeyd olunub ki, “KazMunayGaz”, SOCAR, “Tatneft” və
“Özbəkneftqaz” arasında imzalanmış dördtərəfli memorandumlar
çərçivəsində mütəxəssislər istehsalatda rəqəmsal həllərin tətbiqi
üzrə təcrübə mübadiləsi aparırlar. Bundan əlavə, şirkətlər əməyin
mühafizəsi və texnogen fövqəladə hallara operativ reaksiya
tədbirlərini birgə həyata keçirirlər.
“KazMunayGaz”da bildirilib ki, şirkət Qazaxıstan və Azərbaycanın
tranzit potensialının inkişafına, habelə Qazaxıstan neftinin
beynəlxalq bazarlara ixracının artırılmasına yönəlmiş SOCAR-la
strateji əməkdaşlığın gücləndirilməsinə sadiqdir.

