“Azərbaycanın Dayanıqlı Tikili Mühit Planı” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Azərbaycanın
Dayanıqlı Tikili Mühit Planı” mövzusunda dəyirmi masa
keçirilib.

Trend xəbər
verir ki, dəyirmi masada binalar və tikinti sektorunun ümumi
istixana qazı emissiyalarının 21%-nə cavabdeh olduğu, həmçinin
binalar 2030-cu ilə qədər enerji intensivliyinin yaxşılaşdırılma
sürətini ikiqat artırmaq üçün lazım olan həllərin 40%-ni təmin
etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanda isə təkcə bina sektoru 2022-ci ildə
yanacaq yanmasından yaranan CO₂ emissiyalarının 16%-nə (16 milyon
ton CO₂) cavabdeh olub. Binalar bizi artan temperaturdan, güclənən
fırtınalardan və qalxan sel sularından qoruyur.

Müzakirələr zamanı qeyd edilib ki, tikinti mühitinin
vətəndaşlara fayda potensialı heç vaxt kiçik hesab
edilməməlidir.

Bildirilib ki, COP29-a hazırlıq ərəfəsində Azərbaycanın aparıcı
tikinti şirkətləri BMT Qlobal Razılaşması ilə əməkdaşlıq
çərçivəsində “Azərbaycan Dayanıqlı Tikinti Mühiti Yol Xəritəsi”ni
hazırlamaqla, 1,5 °C hədəfi ilə emissiyaların məhdudlaşdırılmasına
töhfə verəcəklərinə dair öhdəlik sənədini imzalayıblar.

Dəyirmi masada məlumat verilib ki, “Azərbaycan Dayanıqlı Tikinti
Mühiti Yol Xəritəsi”nin BMT Qlobal Razılaşması – Azərbaycan
ofisinə, Böyük Britaniya Ticarət Palatası ilə tərəfdaşlıq
çərçivəsində təhvil verilməsini təmin edəcək.

BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov
qeyd edib ki, tikinti sektorunda “Net Zero Accelerator” proqramının
işə salınmasını, işçi qüvvəsinin bacarıqlarının artırılması və
detallı təhlil etməlidir. O vurğulayıb ki, burada həm imkanlara,
həm də mövcud çətinliklərə baxmaq lazımdır.




“HLCCT” şirkətinin tikinti mühiti üzrə baş məsləhətçisi Alidə
Saleh məlumat verib ki, 2022-ci ildə Azərbaycanda binalar 16 milyon
ton karbon dioksid emissiyası yaradıb ki, bu da yanacaq
yandırılmasından yaranan milli emissiyaların 16 faizini təşkil
edir:

“Qlobal miqyasda binalar 2030-cu ilə qədər enerji səmərəliliyini
ikiqat artırmaq üçün lazım olan həllərin 40 faizini təmin edə
bilər. Bu isə birbaşa biznes imkanlarına çevrilir. Məsələ təkcə
emissiyalarda deyil. Biz binaları dəyişəndə, həyatı dəyişirik –
yeni iş yerləri yaradırıq, sağlamlığı yaxşılaşdırırıq, əməliyyat
xərclərini azaldırıq və icmalarımızın dayanıqlığını
gücləndiririk”.

Tikinti şirkətlərindən birinin rəhbəri Henninq Sasse bildirib
ki, alternativ yanacaqların istifadəsi lazımi səviyyədə inkişaf
etməlidir: “Tikinti şirkətləri ilə daha sement-effektiv, daha
beton-effektiv konstruksiyaların yaradılması üzərində
işlənilməlidir”.

Tikinti şirkətlərindən birinin nümayəndəsi Əli Hüseynov bildirib
ki, karbon tutma (“carbon capture”) məsələsi mühüm əhəmiyyət
daşıyır. Onun sözlərinə görə, karbon tutma prosesini sabah həyata
keçirmək mümkün deyil, çünki xüsusilə sement sənayesində, bu sahədə
kifayət qədər təcrübə yoxdur: “Ona görə də yaxşı nümunələrə, pilot
zavodlara baxmalıyıq. Hazırda bu sektorda baş verənləri yaxından
izləyirik. Yaxşı nəticələr əldə olunandan sonra tətbiqinə başlamaq
vacib olacaq”.

O vrğulayıb ki, burada dövlət dəstəyinin əhəmiyyəti böyükdür: “Çünki bəzi layihələr hazırda iqtisadi cəhətdən sərfəli deyil, amma
onları başlamaq və mexanizmi işə salmaq lazımdır. Bəzi layihələr
iqtisadi cəhətdən fayda gətirmir. Bu halda Avropa ölkələrinin
təcrübəsindən yararlanaraq, dövlət müəyyən qədər subsidiyalaşdıra
bilər. Sonrakı mərhələlərdə isə bu subsidiyalar aradan qaldırıla
bilər”.

Alternativ yanacaqlardan istifadəyə gəldikdə isə şirkət rəsmisi
bildirib ki, burada da imkanlar mövcuddur: “Lakin bu istiqamətdə də
dövlət dəstəyinə ehtiyac var. Bildiyiniz kimi, bizim CO₂
emissiyalarımızın təxminən 15%-i yanacaqdan qaynaqlanır. Bu isə
kiçik bir pay deyil və inkişaf potensialı yüksəkdir. Hazırda bu
sahə tam əhatə olunmayıb, amma inkişafı mümkündür”.